Azərbaycan taekvandoçusu Koreyada keçirilən dünya çempionatının finalında
Azərbaycanın taekvando üzrə yığma komandasının üzvü Milad Beigi Hərçəqani (80 kq) Koreya Respublikasında keçirilən dünya çempionatında finala yüksəlib.

Yarışların yeddinci günündə - iyunun 30-da dayanq üzərinə çıxan təmsilçimiz M.Hərçəqani yarımfinalda moldovalı Aaron Cooka 41:5 hesabı ilə qalib gəlib.

Beləliklə, “Bakı-2017”nin çempionu, ötən ilin Avropa çempionu olan idmançımız dünya çempionatında ən az gümüş medalı təmin edib. Onun çempionluq uğrunda həlledici qarşılaşmada rəqibi rusiyalı idmançı, 2013-cü ilin dünya çempionatının bürünc medalçısı Anton Kotkov olacaq.

Bu gün, həmçinin komandamızın digər üzvü Məhəmməd Məmmədov (63 kq) dünya çempionatının yarımfinalında İran taekvandoçusu Mirhaşem Hosseini ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə İran təmsilçisi 5:6 hesabı ilə üstün olub.

Xəbər 1783 dəfə oxundu.