Bakının “Zirə” futbol klubunun UEFA Avropa Liqasında debütü uğurlu alınıb
İyunun 29-da Bakının “Zirə” futbol klubunun UEFA Avropa Liqasında debütü uğurlu alınıb.

“Dalğa Arena”da keçirilən turnirin birinci təsnifat mərhələsində “Zirə” komandası Lüksemburqun "Differdange" komandası ilə qarşılaşıb.

Qazaxıstanlı baş hakim Daniyar Saxinin idarə etdiyi oyuna Bakı təmsilçisi fəal başlayıb. Görüşün 22-ci dəqiqəsində “Zirə” komandası hesabı açıb. Bakı təmsilçisinin heyətində Riçard Qadze fərqlənib. Bu qolla “Zirə” avrokuboklarda qol sevinci yaşayan 15-ci Azərbaycan komandası olub. 1994-cü ildə qitə miqyaslı turnirlərdə debüt edən Azərbaycanın 18-ci təmsilçisi olan “Zirə”yədək 17 klubdan 14-ü qol sevinci yaşamışdı.

Matçın 32-ci dəqiqəsində “Zirə”nin futbolçusu David Manqanın rəqib qapısına vurduğu güclü zərbəni qolkiper çətinliklə dəf edib. Görüşün ilk hissəsi “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Görüşün 64-cü dəqiqəsində Riçard Qadze dubl etməyə yaxın olsa da, rəqib komandanın qapıçısının səhvindən yararlana bilməyib. Matçın 80-ci dəqiqəsində “Zirə” komandası azarkeşlərini sevindirib. Kervan Belforun qolu hesab arasındakı fərqi artırıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, “Zirə” komandası 2:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu 1 həftə sonra Lüksemburqda keçiriləcək.

AZƏRTAC

Xəbər 597 dəfə oxundu.