Avropa çempionatı öncəsi Bakı və Göygöldə test yarışlar təşkil olunacaq
Avropa Voleybol Konfederasiyasının (CEV) vitse-prezidenti Özkan Mutlugil Azərbaycanda səfərdədir.

Qonaq sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadın voleybol komandaları arasında Avropa çempionatına hazırlıqla tanış olub.

On altı ölkənin iştirak edəcəyi çempionatın oyunları Bakı, Göygöl və Tbilisidə keçiriləcək. Qarşılaşmalar Bakıda Milli Gimnastik Arenasında, Göygöldə isə Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Göygöl və Bakıda hazırlıqlarla tanış olan CEV-in vitse-prezidenti iyunun 29-da Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov və federasiyanın rəsmiləri ilə görüşüb.

Özkan Mutlugil bildirib: “CEV adından sizə təşəkkür edirəm. Azərbaycan mötəbər yarışa ev sahibliyi edəcək. Sizin çox güclü komandanız var. Yeri gəlmişkən, sizləri qazandığınız uğurlar münasibətilə təbrik edirəm. Artıq Avropa çempionatına az vaxt qalıb. Turnir 70 ölkəyə canlı yayımlanacaq. Bu, Azərbaycan üçün böyük reklamdır. Avropa Voleybol Konfederasiyası Azərbaycanda Avropa çempionatı öncəsi oyun arenalarında yoxlama oyunları keçirməyi nəzərdə tutur. Bu, test oyunu həm sizin, həm də bizim üçün çox vacibdir”, - deyə Özkan Mutlugil əlavə edib.

Cavid Qurbanov deyib: “AVF olaraq, Avropa çempionatına çalışırıq ki, yüksək səviyyədə hazırlaşaq. Bildiyiniz kimi, Azərbaycan böyük yarışlara yüksək səviyyədə ev sahibliyi edib və etməkdədir. Voleybol Azərbaycan populyar idman növlərindən biridir. Əlimizdən gələn hər şeyi edəcəyik ki, həm komandalar, həm də qonaqlar bizdən razi qalsınlar”.

Aparılan müzakirələrdən sonra iyulun 22-25-də Bakıda və Göygöldə test yarışlarının təşkil olunması barədə razılıq əldə edilib.

Xəbər 928 dəfə oxundu.