Kriştianu Ronaldu Konfederasiyalar Kubokunun təsəlliverici finalında oynamayacaq
Futbol üzrə Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu ailə vəziyyəti ilə əlaqədar Konfederasiyalar Kubokunda üçüncü yer uğrunda matçda oynamayacaq.

Otuz iki yaşlı forvard özünün Facebook səhifəsində yazıb ki, bu yaxınlarda surroqat ananın onun üçün dünyaya gətirdiyi uşaqları ilə ilk dəfə görüşmək istəyir. Əkizlər iyunun əvvəlində ABŞ-da doğulublar. Körpələrə Yeva və Metyu adları verilib.

K.Ronaldu yazıb: “Mən bütün qəlbim və cismimlə milli komandanın xidmətində olmuşam, halbuki iki övladım yenicə dünyaya gəlib. Təəssüf ki, biz turnirdə əsas məqsədimizə nail ola bilmədik, amma komandamız öz azarkeşlərini sevindirməyə davam edəcək. Portuqaliya Futbol Federasiyasının başçısı və yığmanın məşqçisi məni başa düşdülər. Bunu heç vaxt unutmayacağam. Axır ki, övladlarımı ilk dəfə görə biləcəyəm. Buna görə çox şadam”.

K.Ronaldu Konfederasiyalar Kuboku turnirində iki qol vurub və üç dəfə matçın ən yaxşı oyunçusu sayılıb. Portuqaliyalılar iyunun 28-də Kazanda yarımfinal mərhələsində matçdan sonrakı penaltilər seriyasında Çili yığmasına uduzaraq, əsas mükafat uğrunda mübarizədən kənarlaşıblar. Fernandu Santuşun yetirmələri iyulun 2-də turnirdə son matçlarını keçirəcəklər. Onlar Almaniya-Meksika görüşündə uduzan komanda ilə bürünc mükafat uğrunda təsəlliverici finalda qarşılaşacaqlar.

Əlavə edək ki, K.Ronaldu surroqat anadan doğulmuş daha bir övladını böyüdür. Oğul Kriştianu Ronaldu 2010-cu il iyunun 17-də anadan olub. Adlı-sanlı futbolçu hazırda 22 yaşlı ispan model Corcina Rodriges ilə görüşür.

AZƏRTAC

Xəbər 575 dəfə oxundu.