Azərbaycan taekvandoçusu Məhəmməd Məmmədov Koreyadakı dünya çempionatında ən azı bürünc medalı təmin edib | |
Azərbaycanın taekvando üzrə yığma komandasının üzvü Məhəmməd Məmmədov (63 kq) Koreya Respublikasında keçirilən dünya çempionatında ən az bürünc medalı təmin edib. Yarışların altıncı günündə - iyunun 29-da dayanq üzərinə çıxan təmsilçimiz Məhəmməd Məmmədov Özbəkistan təmsilçisi Sərdar Tahirovu (10:3), Seneqal idmançısı Maktar Əl Məhəmməd Diaonu (26:6) və portuqaliyalı Nuno Costanı (35:17) məğlub edib. Yarımfinala vəsiqə uğrunda Rusiya təmsilçisi Bolat İzutdinovla döyüşən M.Məhəmmədov rəqibinə 11:7 hesabı ilə qalib gəlib. Yeniyetmələr arasında dünya və Avropa çempionatlarının mükafatçısı finala vəsiqə uğrunda qarşılaşmada rəqibi iranlı idmançı Mirhashem Hosseini olacaq. Yarımfinal və final döyüşləri iyunun 30-da keçiriləcək. Qadınların yarışında ölkəmizin şərəfini qoruyan Yaprak Eriş (57 kq) isə ilk rəqibi Ekvador təmsilçisi Dayana Seniyə qalib gəlsə də (13:2), ikinci döyüşündə Skylar Parka (Kanada) məğlub olaraq (14:26) mübarizəni dayandırıb. Azərbaycanın kişi və qadınlardan ibarət taekvando üzrə yığma komandası “G12” kateqoriyalı yarışda səkkiz kişi və dörd qadın olmaqla 12 taekvandoçu ilə təmsil olunur. İyunun 30-da yarışların sonuncu günündə “Bakı-2015”in və “Bakı-2017”nin çempionu, ötən ilin Avropa çempionu, dünya kubokunun ikiqat sahibi Milad Beigi Hərçəqani (80 kq) turnirdə ilk döyüşünə çıxacaq. |
|
Xəbər 716 dəfə oxundu. |
|
|