Ruslan Abışov: Onda istək daha çox idi
«Qələbə qazandığımız üçün sevinirəm. «İnter» ilk mərhələdə bizə 2 dəfə qalib gəlmişdi. İndi bu məğlubiyyətlərdən birinin əvəzini çıxdıq. Hələ bir qələbəsiz də qalır». Bunu idman.com.az saytına «Neftçi» klubunun futbolçusu Ruslan Abışov dedi. Onun sözünə görə, komanda sözü gedən matça yaxşı köklənib:

«Düzü, qələbəni onlardan çox istəyirdik. Elə bu əzmkarlığımız sonda öz bəhrəsini verdi. «İnter» bundan sonra bizimlə daha ehtiyatlı davranar. Digər görüşlərdə də belə yüksək səviyyəli oyun nümayiş etdirib, titulumuzu qorumağa çalışacağıq».

Milli komandanın arxa xətt futbolçusu «ağ-qaralar»ın cərimə zərbəsindən vurduğu 2-ci qola da münasibət bildirdi. O dedi ki, həmin anda topa onunla birgə Ruslan Əmircanov yaxınlaşıb. Sadəcə, komanda yoldaşında bu vuruşa istək daha çox olduğundan, sonda güzəştə gedib:

«Məşqlərdə belə nöqtələrdən məndə də zərbə vururam. Yaxşı da alınır. Ona görə, məşqçilər belə məqamlarda mənə üstünlük verirlər. Ancaq həmin epizodda Ruslan xahiş etdi ki, cərimə zərbəsini o vursun. Gözündəki inam məni geri çəkilməyə məcbur etdi. Halbuki mən də fərqlənə bilərdim. Amma qismət onun imiş. Düzü, burada fərq də görmürəm. Əsas odur ki, vacib qələbə qazandıq».

Qeyd edək ki, 5-qat ölkə çempionu Unibank Premyer Liqasının XXIV turunda bu gün səfərdə «İnter» klubuna 2:1 hesabı ilə qalib gəldi.

KAMRAN

Xəbər 987 dəfə oxundu.