Polis idmançılarının hazırlığı yüksəkdir
Respublika Olimpiya Manejində Daxili İşlər Nazirliyinin əməkdaşları arasında estafet qaçışı üzrə yarış keçirilib.

Yarışda 10 komandanı təmsil edən 70 idmançı iştirak edib.

Birinciliyin açılışında çıxış edən İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya çempionu Zemfira Meftahətdinova ölkəmizdə gənclərə, idmana göstərilən dövlət qayğısının davam etdiyini, bunun nəticəsində Azərbaycan idmançılarının dünyada ən güclülərdən hesab olunduğunu diqqətə çatdırıb. IV İslam Həmrəyliyi Oyunlarında əldə edilən uğurların əsasında məhz Azərbaycanda idmanın inkişafı, yetişməkdə olan gənc nəslin sağlam böyüməsi üçün yaradılan şəraitin durduğu xüsusi vurğulanıb.

Sonra yarışlara start verilib. Polis idmançıları yüksək fiziki hazırlıq, taktiki ustalıq nümayiş etdiriblər.

Finişə hamıdan tez DİN Daxili Qoşunlarının Baş İdarəsinin hərbi qulluqçuları çatıblar. Əlahiddə Çevik Polis Alayının əməkdaşları ikinci, Polis Akademiyasının komandası üçüncü yeri tutublar.

Yarışların baş hakimi, polis polkovnik-leytenantı Mülayim Xıdırov bildirib ki, idmançı əməkdaşlar yüksək hazırlıq, çeviklik, bacarıq, texniki imkanlar nümayiş etdiriblər.

Yarışları polis polkovnik-leytenantı Elnur Həsənov idarə edib.

Xəbər 495 dəfə oxundu.