“Porsche” kollektivi Le-Man yarışının qalibi olub
Fransada avtomobil dünyasının ən qədim yarışlarından sayılan və həm texnikanın, həm də pilotların dözümlülüyünün yoxlanılması baxımından ən çətin mübarizə meydanı sayılan, “2017 FIA” dünya dözümlülük çempionatının üçüncü mərhələsi - 24 saat Le-Man yarışı başa çatıb.

Yarışda qalib gələn “Porsche” komandası ardıcıl üçüncü dəfə qələbəyə sevinib.

Yarış ərzində Timo Bernhard, Erl Bamber və Brendon Hartlidən tərəfindən idarə edilən 2 nömrəli yarış avtomobili finiş xəttinə birinci gəlməklə “Porsche”yə tarixində 19-cu dəfə qələbə sevinci yaşadıb. “Porsche” LMP1 klassını təmsil edir. Yarış boyu onu izləyən “Jackie Chan DC Racing” komandasının 38 nömrəli yarış avtomobili ümumi nəticədə finişə ikinci gəlsə də, aid olduğu LMP2 klassında birinci yeri tutub. Bu avtomobilin yarış ərzində sükanı arxasında Hopin Tun, Toma Loran və Oliver Carvis olublar. Ümumi nəticədə üçüncü yerin sahibi isə “Vaillant Rebellion” kollektivinin 13 nömrəli yarış avtomobili olub.

Qeyd edək ki, yarış ərzində LMP1 kateqoriyalı idman avtomobillərinin əksəriyyətində texniki problemlər yaranıb. Bu səbəbdən bu kateqoriyadan yalnız 2 avtomobil yarışı sonadək davam etdirə bilib. Sözügedən kateqoriyadan finişə çata bilən ikinci komanda “Toyota Gazoo Racing” olub. Bu komanda ümumi təsnifatda yalnız doqquzuncu olub.

Çempionatın növbəti - dördüncü mərhələsi olan altı saat Nürburqrinq yarışı iyulun 16-da Almaniyadakı Nürburqrinq trekində keçiriləcək.

AZƏRTAC

Xəbər 1738 dəfə oxundu.