Artırılmış dəqiqələrin artıqları
Əsl sima, əsl dəyər bundan sonra üzə çıxacaq

Dünya kuboku-2018. Seçmə mərhələ. Avropa zonası.

Milli futbol komandamız budəfəki rəsmi mərhələdəki çıxışının ən məsul oyununa çıxdı və ...

Bu üçnöqtələr və ikili təəssürat komandanın bu mərhələ boyunca keçirdiyi qarşılaşmalara verdiyimiz qiymətin məntiqi davamı və yekunu oldu. Futbolun yazılan və yazılmayan qanunlarının hər birisini bu görüşdə gördük. Əsl, ruhən qələbəyə köklənmiş azarkeş baxışı bucağından tam subyektiv ilk və son qiyməti versək, yalnız təəssüflərdən bəhs etməliyik. Axı, hər belə baxışda, 90 dəqiqə ərzində komanda məğlubiyyətə layiq deyildi. Maraqlıdır ki, bunu futbolumuzun ən peşəkar qismi də iddia edir. Deməli, bu sırf fanat qiymətindən uzağa getmirik. Obyektiv qiymət üçün, ən yaxşı halda, bu qiymətlərdən, «futbolda belə hallar olur» ifadəsini saxlamaq olar. Buna qədər komandaya əsl qiyməti verməli olanlar, sadəcə, ya susur, ya da tərifi elə səviyyəyə qaldırırdılar ki, sanki milli artıq zirvələri fəth etməyə hazırdır...
Əlbəttə, indi çoxları üçün komandanın aqibəti bəllidir...

Hərçənd elə bu məqamda, məhz həmin azarkeş qəlbinin kövrəkliyinə, azacıq da olsa, hörmət edən bir kollektiv görsək, tam əminəm ki, bundan sonrakı matçlara o, daha yetkinliklə, inadla, inamla, mundial eşqi ilə alışıb yanaraq çıxacaq. Və bu dəfə üçnöqtələri birmənalı şəkildə mübariz kollektiv əvəz edəcək. Belə – deya ətrafında toparlanmış komandanı yalnız təsadüfi oyunlarda görmüşük. Amma dalbadal 4 qarşılaşmada təpərinə güvənə biləcək yığmamız olmayıb. Bu isə, ötən matçda olduğu kimi, peşəkar natamamlığın əsas göstəricisidir. Deməli, ötən oyunun qıcığı ilə futbolçularımız bundan sonra yalnız qələbəyə köklənə bilər. Futbolda bu psixoloji dopinqin də sensasiyaları da az olmayıb. Bu sətirlərlə peşəkar qiymətə keçə bilərik.
Komandanın son təlim-məşqində, ötən saymızda da qeyd etdiyimiz məlumatsızlıq, ardınca, sürpriz vədi, açığı, elə bu notlarından ehtiyatlanmağa vadar etdi. Çünki buna qədər məşçqilər bizləri belə boş vədlərə hər birimizi tam öyrəncəli ediblər. Millimizin start heyətini əvvəlcədən görəndə, kollektivi az-çox öyrənə bilən rəqib üçün taktiki seçim etmək heç də çətin olmamalıydı. Üstəlik, səfərdəki rüsvayçılıq, nəyahət, evdəki duel əyani nümayiş etdirdi ki, rəqib bizi çox ciddi qəbul edərək, futbolçuları, onların imkanlarını əməlli çözüblər. Söz yox ki, start heyəti məşqçinin müstəsna səlahiyyətidir. Amma, fəaliyyətinin ilk dövrlərindəki heyət seçiminin məntiqini indiki ilə müqayisə etsək, həminki ixtiyar-sahibini görmədim. Məncə, heyətin sürprizi rəqibə lap əvvəldən verilən güzəşt idi. Çox təəssüf ki, millinin belə məsul oyunu klubların fasilələrarası dövrünə düşdü və qənaətimcə, bu fasilə heyət seçiminə əsaslı təsir etmişdi. Fəqət bu məqamda komandaya daha çox qələbə lazım olduğu aydın idi. Amma bunu görüb, 2018-in qapısını döyə biləcək bir komandanın heyətini təsəvvür edəndə, indidən təşvişə düşməmək də olmmur. Matçın ilk qanuni nəticəsini elə bu yanaşma verir. Bəlkə də son dövrlər Prosineçkinin komandanı tərk etməyi ilə bağlı səngiməyən söz-söhbətlər və onun bu barədə düşünməsi ehtimalı da sözünü deyir. Nə qədər peşəkarlıq olsa da, bunun əksini təsdiq edən fakt, bəyanat olmadığı üçün mənfiliyə sürükləyən ilk əlamətlərdən biri bu idi. Buna məşqçini nə təhrik edə bilər – cavabı artıq verilib.
Sükançının heyəti sürpriz taktiki-strateji vəzifələrə də təsir edir. Ləng və nataraz bir heyət də bundan formalaşır. Qara-Almeyda-Nəzərov-Əfran-Ramil – bu cərgədə hücum taktikası üçün planlı oyun qurmağa cəhd edin. Üçnöqtələrin daha bir mənbəyi buradan qaynaqlanır. Bu matçda milli qalib gəlmək üçün oynamalıydı, axı. Sürpriz rəqibi sıxışdırıb lazım olan nəticəni almaq istəyən bir komanda ola bilərdi. Əvvəldən qorxaq, təşvişli, yerini bilməyən, yeknəsəq bir kollektiv izləməyəimiz başlanğıcını bu qeyri-səlis yanaşmadan götürdü. Ola bilər hər hansısa plan var idi. Lakin onu həyata keçirmək nə funksional vəzifə bölgüsü, nə də mərhələli oyun variantları gördük.

Sizcə, rəqib nə üçün birtərəfli, bir istiqamətli oyuna üstünlük vermişdi? Cavabları yuxarıdakı qeydlərdə tapmaq olar. Ən acınacaqlısı odur ki, rəqibin sükançısı oyundan sonra Azərbaycanın ilk görüşlə müqayisədə daha yaxşı oynadığını deyib. Bu sözləri onun ağırlığı aspektindən çözün – bütün cavablar buradadır. Son hədd də o oldu ki, bu iflasın təməlini rəqib sükançının millimizi əvvəldən həzm etməyə hazır olması qoymuşdu.

Nəticəyə iflas demək olmaz, lakin dramatizmin yekunu, komandanın oyunu, vurulan qol və onun vaxtı bu nəticəni targikomik vəziyyətə saldı. Çünki bu komanda məsul, peşəkarlığa tam hazır olmadığını bir daha nümayiş etdirdi.

Futbolçular yaxşı, yaxud məqsədli oynadı, deyənlərə, suallar da var: oyunun ipini ələ alıb, daha üstün, daha nəzarətli oyuna nail olundumu; ya da əksinə, fərqli sürət templəri üzərində qurulmuş və qol vurmaq üçün hansısa davamlı kombinasiyalı oyun göstərildimi; nə aşağı, nə orta, nə də ritmli oyun üçün heyət yox idi meydanda. Ləngliyin təməlini qoyub təşviş içində oyununu itrib, nə edəcəyini axtaran kollektiv var idi. Sanki rəqibin haçansa və haradasa səhvi ucbatından məsələ həll olunacaqdı. Əfranla Ramilin qazandığı şanslar qalib gəlməli, ya da iddialı olmaq üçün təpər, güc göstərməli heyət üçün az, həm də çox az deyilmi? Ya da hakimin görmədiyi və ya göz yumduğu hansısa qayda pozuntusunu şişirtmək olarmı? Öndə Ramilin vurnuxası, Nəzərovla Almeydanın bir-birini qaranlığa salması, Cavidin gözlənilən funksional natamamlığı, Əfranın tutar qatıq, tutmaz ayran oyunu, üstəlik ona dəstəyin olmaması, yaxşı oyunlarından birini keçirən Qaranın ehtiyac duyulan yaradıcılığının qısa ötürmələrdən kənara çıxmaması (xüsusən də Almeyda geri çəkildiyi vaxtlarda) və s. bir çox məqamlar hazırlıq prosesinin vaxt itkisi olmasını göstərirsə, dərin söhbətə də ehtiyac qalmır.

Oyun planından çox danışmağa ehtiyac yoxdur, çünki oyunun özü olmadı - kölgəsi var idi. Amma hər qaranlıqda ümid işığının şüasi da olmalıdır. Ona görə də gələn görüşlər üçün ümiddən doğan inam, inamdan törəyən iradə, iradədən pərvazlanan güc komandanın bu mərhələdəki çıxışının ən layiqli qiymətinə apara bilər. Çoxları inanmasa da, bu mümkündür. Yoxsa bu mərhələ də futbolumuzun gələcəyi üçün bir qaranlıq və anlamsız, ən yaxşı halda, qaçırılmış fürsət səhifəsinə çevrilərək, Almeydanın milli debütü ilə qələmi işə salmış statistika sevənlərin sayğacının həqiqət kimi təqdim edəcəyi təsəlli yarışı olacaq.

Közdən od törəyəcəynə inanaqmı, inanmayaqmı?..


6-cı tur
«C» qrupu
10 iyun
Azərbaycan - Şimali İrlandiya 0:1 (0:0)
Bakı. Tofiq Bəhramov adına Respublika sadionu.
Hakimlər: Xavyer Estrada - Migel Martines, Teodoro Sobrinyo - Alexandro Ernandes (İspaniya).

Qol: Dallas 90+2.
Sarı vərəqə: Cavid Hüseynov, 56, Maksim Medvedev, 56, Qara Qarayev, 66//Coş Magennis, 73, Stiven Deyvis, 80.

Azərbaycan: Kamran Ağayev, Bədəvi Hüseynov, Rəşad F.Sadıqov (kap.), Pavlo Pashayev, Maksim Medvedev 56, Qara Qarayev, Cavid Hüseynov, Riçard Almeyda, Afran İsmayilov (Rahid Əmirquliyev, 84), Ramil Şeydaev (Araz Abdullayev 90), Dmitri Nəzərov (Namiq Ələsgərov, 77). Baş məşqçi: Robert Prosineçki.

Şm.İrlandiya: Maykl Makqovern, Konor Maklafin, Qaret Makoli (Neyll Makcin, 25, Li Hodson, 86), Conni Evans, Stiven Deyvis (kap.), Liam Boys (Kayl Lafferti, 77), Kris Brant, Stüart Dallas, Oliver Norvud, Aaron Hyuz, Coş Magennis. Baş məşqçi: Maykl O`Nill.

Almaniya - San Marino 7:0 (Draksler, 11, Vaqner, 16, 29, 85, Yunis, 38, Mustafi, 47, Brandt, 72), Norveç - Çex Resp. 1:1 (Söderlund, 55-pen.//Gebre Selassie, 36).


Xəbər 1733 dəfə oxundu.