“Gazelli Group” Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Marşal Klubuna dəstək göstərəcək
Yerli kosmetik vasitələrinin istehsalçısı “Gazelli Group” şirkəti bu il Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Marşal Klubuna dəstək göstərəcək.

Əldə olunan razılığa əsasən, “Gazelli Group” iyunun 23-25-də Bakıda baş tutacaq Azərbaycan Qran-Prisində fəaliyyət göstərəcək marşalları öz məhsulları ilə təmin edəcək.

“Gazelli Group” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı ölkəmizdə keçirilən yarışa dəstək göstərməkdən böyük məmnunluq duyduqlarını bildirərək deyib: “Şirkətimiz Azərbaycanda keçirilən əksər ictimai, mədəni və idman tədbirlərinə hər zaman öz dəstəyini göstərir. Azərbaycan Qran-Prisinə də istehsal etdiyimiz məhsullarla töhfə verəcəyimizə görə olduqca şadıq. Biz növbəti illərdə də oxşar tədbirlərə dəstək verməkdə davam edəcəyik”.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin idman əməliyyatları şöbəsinin direktoru və qurumun tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun rəhbəri Çingiz Mehdiyev göstərilən əməkdaşlığa görə təşəkkürünü bildirib: “Marşallar müxtəlif hava şəraitində təlim keçirək yarışa hazırlaşırlar. Xüsusən də uzun çəkən yarış sessiyaları zamanı əksər hallarda günəşdən qorunma vasitələrinə ehtiyac duyurlar. İnsan amili Bakı Marşal Klubunun başlıca dəyərlərindəndir. Biz bunu rəhbər tutaraq marşallarımız üçün hər zaman ən keyfiyyətli vasitələri seçirik. Bu il yarış zamanı marşallarımız “Gazelli Group” şirkətinin bizə təqdim etdiyi xüsusi kosmetik vasitələri istifadə edəcəklər. Biz də öz növbəmizdə göstərilən diqqətə və dəstəyə görə “Gazelli Group” şirkətinə dərin minnətdarlığımızı bildiririk”.

Xəbər 709 dəfə oxundu.