“Sport Time” jurnalının növbəti nömrəsi İslamiadaya həsr olunub
Azərbaycanda idmanın inkişafına, təbliğinə xidmət göstərən “Sport Time” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

Jurnalın bu nömrəsi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr edilib. Dərgidə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarında iştirakı, Oyunlara aid nitqi, Xəzərdən başlayan su səyahəti, İslamiadanın möhtəşəm açılış və bağlanış mərasimləri haqqında materiallar toplanılıb. Həmçinin “Bakı-2017”də ölkəmizin birinci yeri qazanması əksini tapıb.

Dərgidə MOK-un baş katibi, Milli Məclisin deputatı, professor Ağacan Əbiyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Füzuli Məmmədovla bağlı məqalələr, habelə İslamiadanı uğurla başa vuran bir neçə federasiya və klublar barədə məlumatlar dərc edilib.

Oxucular bu nömrədə idmançıların ən çox müraciət etdikləri Artromed Tibb Mərkəzinin fəaliyyəti ilə tanış ola bilərlər. Belə ki, dərgidə klinikanın idman travmaları, oynaq və onurğa sütunu xəstəlikləri zamanı apardığı uğurlu müalicə metodlarından bəhs olunub.

Məlumat üçün bildirək ki, jurnalda “Sport Time”nin təqdimetmə mərasimləri, müxtəlif görüşlər, tanınmış ziyalı və idman xadimlərinin dərgi ilə bağlı fikirləri də qələmə alınıb. “Fotoların dili ilə” rubrikasının budəfəki qonağı Əməkdar Artist, bəstəkar-müğənni Elza Seyidcahan olub. “Balaca istedadlar” rubrikasında isə dərs əlaçısı, istedadlı şagird Nəzrin Əhmədovadan söz açılıb.

Xəbər 633 dəfə oxundu.