“Neftçi” prinsipal görüşdə öz sözünü dedi
Bu gün Unibank Premyer Liqanın XXIV turunda 4 oyun keçirilib. İdman.com.az saytının məlumatına görə, Zaqatalada açılışı edilən tura bu gün yekun vurmalı olan “Xəzər Lənkəran” – “Bakı” matçı hava şəraiti ilə əlaqədar sabaha təxirə salınıb. Nəticədə bu gün ilk və ikinci “altılıq”da, paytaxtda və əyalətdə hərəyə 2 oyun olub.

Turun mərkəzi oyununda lider dəyişikliyi baş verə bilərdi. Lakin bu, “İnter”in “Neftçi”yə cari mövsümdə 3-cü matçda da qalib gələcəyi halda gerçəkləşəcəkdi ki, “ağ-qaralar” da buna imkan verməyiblər. Onlar təsnifat mərhələsində 2 məğlubiyyətdən birinin əvəzini çıxmaqla, “İnter” sindromunun üstündən xətt çəkiblər.

“Bankçılar”ın büdrəməyindən onun ən yaxın izləyicisi “Qarabağ” lazımınca istifadə edə bilməyib. Belə ki, Qurban Qurbanovun komandası evdə “Qəbələ” ilə görüşdə son anda məğlubiyyətdən qaçıb. Buna baxmayaraq, Ağdam təmsilçisi fərqi 3 xala çatdırıb.

İkinci “altılığ”ın liderliyi uğrunda mübarizədə “Rəvan” AzAL-la gücünü yoxlayıb və qalib gələrək, rəqibini qabaqlayıb. “Kəpəz” “Sumqayıt”la 3-cü matçında onu tarixində ilk dəfə məğlub edib. Bu qələbə isə darmadağınla gəlib.

Unibank Premyer Liqası. Final mərhələsi. XXIV tur
18 mart

“İnter” – “Neftçi” - 1:2
Qol: Bronislav Çervenka, 45 - Slavço Georgiyevski, 3; Ruslan Əmircanov, 75
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rəhim Həsənov
Bakı. “Şəfa” stadionu
Təsnifat mərhələsində oyunlar – 1:0, 1:0

“Rəvan” – AzAL - 2:0
Qol: Ekrem Hodziç, 18; Taqim Novruzov, 42 (pen)
Hakimlər: Alik Yunusov, Ramiz Əsədov, İsgəndər Əliyev, Teymur Fərhadov
Bakı. “Dalğa Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 2:1, 3:1

“Kəpəz” – “Sumqayıt” - 4:1
Qol: Yuri Fomenko, 3; 24; Bədavi Hüseynov, 18 (öz qapısına); Junivan Suares, 85 (pen) - Samir Abasov, 48
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
Gəncə. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 1:4

“Qarabağ” – “Qəbələ” - 1:1
Qol: İlqar Qurbanov, 90 - Viktor Mendi,16
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Coşqun Həsənov, Elvin Əsgərov
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsində oyunlar – 0:1, 0:0

Xəbər 960 dəfə oxundu.