Azərbaycanın iki boksçusunun ilk rəqibləri dəqiqləşib
Xarkovda keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan millisinin daha iki üzvünün ilk rəqibi dəqiqləşib.

64 kq çəki dərəcəsində rinqə çıxacaq Lorenzo Sotomayor səkkizdəbir finalda fransalı Vahid Hambli ilə gücünü yoxlayacaq.

Olimpiya mükafatçımızın rəqibinin adı yarışın birinci günündə məlum olub. Fransalı boksçu 1/16 finalda Rumıniya təmsilçisi Fredi Çiobanunu 5:0 hesabı ilə məğlub edərək L.Sotomayora rəqib olub. Görüş iyunun 19-da baş tutacaq.

Çempionatda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparacaq Məhəmmədrəsul Məcidov isə səkkizdəbir finalda Petar Belberovla (Bolqarıstan) üz-üzə gələcək. İkiqat dünya çempionumuzun rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Belaruslu Aleksandr Kaleyevi mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib. M.Məcidovun da ilk görüşü iyunun 19-da olacaq.

Xəbər 666 dəfə oxundu.