“Red Bull Racing” yürüşçüləri Azərbaycan Qran-Prisindən danışıblar
“Red Bull Racing” yürüşçüləri - Maks Ferstappen və Daniel Rikkardo “Formula-1” mövsümünün 8-ci mərhələsinin – Azərbaycan Qran-Prisinin başlanmasına bir həftə qalmış bu çox maraqlı şəhər trasının xüsusiyyətlərindən danışıblar.

Azsport.az “F1News.ru” saytına istinadla xəbər verir ki, Maks Ferstappen deyib: “Məncə, Bakı trası başqa şəhər traslarına bənzəmir. Trasın unikallığı bundadır ki, o, bütün çempionatda təkcə yetərincə geniş sahələri ilə deyil, həm də ən dar döngələri ilə seçilir.

İkinci sektor həmişə həqiqətən dar və mürəkkəb sayılan Monako trasının bəzi sahələrindən daha mürəkkəbdir. İçərişəhərdə və qala ətrafında şütümək maraqlı və çətindir. Əvəzində tamaşaçılar əla mənzərədən zövq alırlar. Trasın bu sahəsi mənim ən çox xoşuma gələn yerdir. Bundan əlavə, Bakıda yetərincə uzun olan sürətli düz yol var. Odur ki, yürüşçünün gərginliyinin bir qədər azalmasına imkan var.

Biz trasın lap yaxınlığında yerləşən yeni oteldə yaşayırıq. Ötən il çıxıb şəhərə tamaşa etmək mənə müyəssər olmadı. İçərişəhərdə maşını idarə etmək maraqlıdır. Bu dəfə bir axşam çıxıb şəhərə baxmaq istəyirəm.

Daniel Rikkardo deyib: “Bu il şəhəri daha yaxından tanımağa çalışacağam. Otelimiz lap rahat yerdə, demək olar, trasın yanındadır. Bizim üçün çox münasibdir. Amma biz hələlik heç yerə çıxmırıq. Müşahidə meydançasından açılan mənzərə heyrətamizdir. İdman zalından bütün şəhəri və bu unikal trası görmək olur.

Tras maraqlıdır. Odur ki, Bakıya qayıdacağım günü gözləyirəm. Şəhər trasları xoşuma gəlir, amma onlar bizim maşınlar üçün bir o qədər də münasib deyildir. Belə yerlərdə çox şey baş verə bilər. Tras həqiqətən çətindir və döngələrin çoxu çempionatın keçirildiyi başqa şəhərlərdəki döngələrin heç birinə bənzəmir.

Qala ətrafında trasın bu hissəsini çox çətinləşdirən bir neçə maraqlı döngə var. Düz yol o qədər uzundur ki, düşünməyə vaxt tapırsan və bu da yaxşıdır. Çünki döngələr mürəkkəbdir və diqqəti cəmləməmək həqiqətən çətin olur.

Xəbər 698 dəfə oxundu.