Olimpiya proqramında inqilabi dəyişikliklər genişlənir
On beş yeni proqramla gender bərabərliyinə, gəncləşməyə və küçə idmanına doğru

Olimpiya yenilikləri Azərbaycana nə vəd edir


İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin növbəti iclası tarixi qərarlarla, əslində, gələcəkdə hərəkatın inkişaf istiqamətlərini müəyyən edib. Bəlkə də yeni xətti 5-10 il əvvəl təxmin etmək çox çətin olardı. Axı, olimpiya proqramının şişirdilməsindən danışan hərəkat liderləri, daha çox, növlərin, iştirakçıların azaldılması tərəfdarı idilər. Buna görə də olimpiya yarışları sırasına düşmək üçün ciddi cəhdlərlə, tutarlı dəlillər hər federeasiya özünü sübut etməyə çalışırdı. Doğrudur, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək Tokio Yay Olimpiya Oyunlarının növləri təsdiq edilərkən, 5 idman növünün proqrama salınması bu mənada güzəşt kimi qəbul edilsə də, elə o vaxt da qeyd etdiyimiz kimi, bununla böyük başlanğıcın – inqilabi yeniliklərin təməli qoyulmuşdu. Xatırlayırsınızsa, 2016-cı il avqustun 3-də BOK-un 129-cu Sessiyasında yekdil qərarla karate, sörfinq, beysbol, qayayadırmanma və skeytbordinq 2020-ci il Yay Oyunlarının proqramına daxil edildi. O vaxt stolüstü tennisdə qarışıq qoşaların (mikst) yarışı da Oyunların bir hissəsinə çevrildi və bu, son iclasda bir daha təsdiqini tapdı.

Ümumiyyətlə, həmin 5 növlə Oyunlarda medal dəstləri 33 say artaraq, 339-a çatıb. 33 medal dəstindən 18-i məhz yeni hesabına artırılıb. Daha 15 yeni proqram son toplantının bəhrəsidir. Proqram dəyişiklikləri, əsasən, növlər daxili nizamın düzənlənməsinə xidmət edib.

Gəlin, 15 yeni proqram və dəyişikliklərin mahiyyəti və onun Azərbaycan idmançılarına və olimpiya şanslarımıza təsiri barədə söhbət açaq.

16 proqram dəyişikliyi və yaxud 15 yeniləşmə hansılardır:

Ağırlıqqaldırma (-1 proqram)

Ləğv edilir – 1 kişi çəki dərəcəsi;

Akademik avarçəkmə (0)

Əvəzlənmə – 1 proqram kişilərdən qadınlara verilir;

Atletika (+1)

Əlavə olunub – 4x400 m estafeti (qarışıq komanda);

Basketbol (+2)

Əlavə olunub – 3x3 basketbolu (K və Q);

Boks (0)

Əvəzlənmə – 2 çəki dərəcəsi kişilərdən qadınlara verilir;

Cüdo (+1)

Əlavə olunub – qarışıq komanda yarışı;

Güllə atıcılığı (0)

Əvəzlənmə – 3 kişi proqramı yerini 3 qarışıq qoşa yarışa verir;

Kanoe (0)

Əvəzlənmə – 3 proqram kişilərdən qadınlara verilir;

Oxatma (+1)

Əlavə olunub – Qarışıq komanda yarışı;

Qılıncoynatma (+2)

Əlavə olunub – Komanda yarışları (K və Q);

Stolüstü tennis (+1)

Əlavə olunub – qarışıq qoşaların yarışı;

Triatlon (+1)

Əlavə olunub – qarışıq komanda yarışı;

Üzgüçülük (+3)

Əlavə olunub – 800 m (K), 1500 m (Q), 4x100 m qarışıq estafeti (qarışıq komanda);

Velosiped (+4)

Əlavə olunub – BMX fristayl parkinq (K və Q);

Əlavə olunub – Medison (K və Q);

Yelkən (0)

Əvəzlənmə – katamaranlar sinfində qarışıq yarış yerini qarışıq qoşalara verir.

Qeyd: K – kişi, Q – qadın.

Göründüyü kimi, dəyişiklilər köklü xarakter daşıyır və məqsədi də siyahıdan aydın olur. Proqramlar, əsasən, komanda və cütlüklərin yarışına çevrilir, bəzi növlərdə qadınlarla yarış proqramı bərabərliyi yaradılır. 2016-cı il qərarlarını da nəzərə alsaq, küçə (şəhər) idmanı növlərinin olimpiya ailəsinə qoşulmasına yaşıl işıq yandırılır.

«Cəlbedici beş yeni növlə yanaşı, təsdiq etdiyimiz təzə yarışlar olimpiya proqramının dəyişdirilməsinə doğru növbəti addım idi. Çox fərəhləndirici haldır ki, olimpiya oyunları bir qədər də gəncləşdiriləcək, daha da şəhərliləşəcək və zərif cinsin daha çox nümayəndəsini ətrafında cəmləyəcək» - deyərək, BOK prezidenti Tomas Bax yeni qərarları alqışlayıb.

Onun qeyd etdiyi üç məqamdan başlayaraq, yenilikləri çözək:

İdman proqramının daha da gəncləşdirilməsi haradasa müsbət haldır. Lakin gələcəkdə bu kreativlik müxtəlif yaşlardan və kateqoriyalardan olan insanların hüquqlarını çox da tapdalamamılıdır. Çünki gənclik dövrü heç də uzunömürlü deyil və onların daha çox ekstremal xarakter daşıyan maraqları heç də çox sürmür. Olimpiya proqramının mühafizəkarlıqdan dəyişkən statusa addımlaması təkcə bu mənada deyil, həmçinin həyatını olimpiya ideallarına, karyerasını bir olimpiya medalı uğrunda məqsədli yüksəlişə həsr edənlərə, müəyyən mənada, zərbə və təhlükədir. Belə çıxır ki, uzun müddət köklü idman növlərində addım-addım irəliləyənlər idman növündən çox həvəskar məşğuliyyətə, hobbiyə bənzəyən növlərlə məşğul olanlar arasında təzadlara yol verilir. Bu, yeni nəslin tərbiyəsini əsas məqsədi elan etmiş bir təşkilat üçün həm də ilkin təhlükə mənbəyidir. Ona görə də bundan sonra addımlar ölçülüb-bisilməlidir.

Şəhərləşmə də, ilk baxışda, müsbət addımdır. Lakin onlara təhlilsiz, ölçülüb-biçilməmiş qucaq alçılması da gəncləşmə ilə bağlı qeydlərimizlə tam üst-üstə düşür. Yeniləşmə, hələ üstəlik, gələcək üçün anonsu verilmiş növlərin olimpiya proqramına asanlıqla salınması ehtimalı artıq ciddi qəbul olunmalıdır. Deyək ki, güləşlə, yaxud basketbolla, ya da istənilən komanda və təkmübarizlik növünə bütün potensialını qoymuş, məqsədi cəmi bir medal qazanmaq olanla, küçədə özü üçün roller, skeytbord sürüb heç bir ciddi həyat stimulu verməyən bir növlə məşğul olanın bir cərgəyə qoyulması riskli deyilmi? Bəs olimpiya dəyərləri və ona münasibət, olimpiya xartiyasının elan etdiyi ideallarının əsas məğzi bundan zərbə almayacaqmı? Hərçənd medalın o biri üzü də var: yeniləşmə həmin küçə idmanı növlərinə də əlavə təkan olmaqla onların daha ciddi və məqsədyönlü inkişafına, cəmiyyətdə ciddi qəbul edilməsinə yol aça bilər. Amma etiraf edək ki, indiyə qədər çox nadir hallarda olimpiya hərəkatı bu işlərlə məşğul olub. Ümumiyyətlə, internet, informasiya-kommunikasiya texnoloji girdabı ilə hərəkətsizliyin artdığı bir dövr üçün BOK-un qərarları daha çox sosiallaşmış bir çağırışa bənzəyir. Bununla belə, kütləvi yeniləşməni - təhlükəli optimallaşdırma tendensiyasını BOK gələcəkdə balanslaşdırılmış yeniləşmə addımlarına çevirməlidir. Axı, hələ ki, zamanın sınağı ilə dəyişib möhkəmlənmiş klassik növlər özünü doğrultmaqla, sülhməramlı məqsədlərə əyləncədən daha çox xidmət edir.

Nəhayət, qadın və kişi bərabərliyi məsələsi. Rio ilə müqayisədə qadınların Oyunlara qatılması 3 faizdən də çox artacaq - 45,2 faiz tarixin ən yüksək qadın iştirakçısı göstəricisi ilə əvəzlənərək 48,8 faizə çatacaq. Bəli, zaman dəyişir və qərbyönlü prinsiplərin hegemonluğu ilə incəlik və zəriflik rəmzi olan qadınların sərt və ağır məsələlərə, ələlxüsus da bu tipli idman növlərinə təşviqi, doğrusunu desək, şirnikləndirilməsi sosial təzyiq altında qəbul edilmiş qərara bənzəyir. Görünür, Qərbin bu süni yanaşmasında Şərqdən mənimsəməli olduğu çox şey var. Mənəvi zərifliyi və incəliyi ilə yanaşı, şərq yanaşma tərzi ilə qadının sahib olduğu böyük təsir gücü, hökmü və liderlik qüdrətindən bixəbər Qərbdə heç nəyin fərqinə varmadan «qadın hüquqları» anlayışı artıq idmana sirayət etməkdədir. Hərçənd bəzi hallarda qadın və kişilərin birlikdə yarışacağı növlərə meyillilik tam mənasında alqışlanmalıdır. Onların çiyin-çiyinə olmasının tərənnümü olmaqla yanaşı, həm də vahid koanda anlayışı və əsl bərabərlik üçün töhfədir. Yeri gəlmişkən, belə növlərin sayı iki dəfə artırılaraq 9-dan 18-ə çatdırılıb. Boks, ağırlıqqaldırma və bu kimi növlərdə bərabərlik axtarışları isə yanlışlığın başlanğıcına daha çox yaxındır.

Bir az da dəyişikliklədən söz salaq:

Göründüyü kimi, üzgüçülük yenə prioritet növlər sırasında qalır və daha 3 medal dəsti olacaq. Son dövrlər məşhurlaşmış 50 metrə üzgüçülüyün sərbəstdən savayı, daha 3 proqramı yenə olimpiya icazəsinin həsrətində qaldı. Amma çinxron üzgüçülükdə qarışıq qoşalar yaxın illərdə olimpiya debütünü edə bilər. Nəhayət, haydayvinq də, məncə, digər ekstremal növlərlə baxımlılıq mübarizəsində heç geri qalmır. Tam yeni proqram statusunda küçə idmanları arasında ən çox populyar olanı isə basketbolun 3x3, yaxud küçə (stritbol) variantıdır. Bu növ, bildiyiniz kimi, «Bakı-2015»in uğurlu yarışlarından biri kimi diqqət çəkdi. Əlbəttə, yeniyetmə Oyunlarnında bu yarışlar var. Lakin öz xarakteri ilə yeniyetmə üçün 3x3 optimal növdürsə, ustalar arasında onun populyarlaşması daha çox basketbolun miqyas göstəricisidir.

Axır ki, qılıncoynatma yeni statusu ilə komanda yarışlarını tam keçirməyə fürsət qazandı. Əvvəllər hər Oyunlar dövrü üçün hansısa proqramın yerini başqasına verməsi ilə bir-birini əvəz etməsi idmançıların maraqlarına toxunur və onları, az qala, onilliklərlə növbə həsrətində qoyurdu.

Həmçinin medisonun, xüsusən BMX-in fristaylının da olimpiya ailəsinə qoşulması zamanı yetişmişdi. Bu yarışlar kütləviliyi ilə özünü çoxdan təsdiq edib.

Atletika, cüdo, oxatma, stolüstü tennisin qarışıq və komanda yarışları, yuxarıda qeyd etdiyimiz kimi, çiyin-çiyinə mübarizə və əsl gender bərabərliyinin və onların bir komandada birləşməsi üçün ən doğru qərarlardandır.

Qadınların xeyrinə dəyişən növlərdən bəhs etsək, boksda çəki əvəzləmələri ilə yanaşı, zərbələr yeyən imici ilə ağırlıqqaldırmanın daha bir proqramının ixtisara düşməsi gözlənilən idi. Yeri gəlmişkən, bu çəkilər barədə beynəlxalq federasiyalar qərar verəcək. Güllə və stend atıcılığında 50 m-ə kişilərdə tapançadan və tüfəngdən uzanılı atəşaçmada qadınlar, stenddə dabl-trəp qarışıq komandalar yarışacaq. Yelkən idmanında çoxgövdəli qayıqlardakı dəyişiklik də bu tipdəndir. Kişilər bizim üçün də maraqlı olan kanoedə sprintdə təkyerlik kanoe və ikinəfərlik kayakda yarışmacaqlar, slalomda isə ikiyerlik kanoe mövqeyini təkyerlik qadın proqramının xeyrinə itirir. Akademik növ üzrə yüngül dördyerlik qayıqlarda kişiləri qadınlar əvəz edəcək.

Qarışıq yarışlarda taekvondoya, xüsusən müasir beşnövçülüyə yer verilməməsi təəccüblü oldu. Xüsusən dayanq üzərində komanda yarışı qərarı ölkəmizin medal şansına əsaslı töhfə olardı.

Söhbətin ən vacib və bizim də diqqət etməli olduğumuz məqamına yetişdik.

Genişlənməyə rəğmən iştirakçı sayı artmayacaq. Halbuki yeni növlərlə idmançıların sayı orta hesabla 5 faiz, yəni 474 nəfər artmalı idi. BOK üçün məsələ illərdir Domokl qılıncına çevrilib. Deməli, proqram artdıqca, növlər və yarışlarda iştirakçı sayı azalacaq. Məsələn, vaterpol komandalarında heyət sayı 13-dən 11-ə endirilib. BMX-in fristaylında iştirak edəcək 14 nəfər, veloşose və BMX-in digər proqramının payından «yeyəcək». Bəzi növlərin qarışıq komandaların xeyrinə dəyişməsi iştirakçı sayına təsir edir. Axı, ləğv edilən proqramda olimpiya vəsiqəsi verilməyəcək. əvəzində qoşa yarışlar lisenziyası olan qadın və kişi idmançıların daha bir medal şansına çevriləcək. Nəticədə, klassik növlər «Tokio-2020»də 285 idmançısını itirəcək.

Növlərin olimpiadada itirib qazanacağı idmançı sayına nəzər salmaq məqamıdır.

Ağırlıqqaldırma: -64 (gender bərabərliyi üçün kişilərdə bir çəki dərəcəsinin və 64 kişi idmançı lisenziyasının ləğvi);

Akademik avarçəkmə: -24 (gender bərabərliyi üçün kişi idmançı lisenziyasının ləğvi);

Atletika: -105;

Basketbol: +64 (3x3-də hər proqramda 8 komandanın hər birində 4 idmançı);

Boks: 0 (44 kişi əvəzinə 44 qadın);

Cüdo: 0 (gender bərabərliyi üçün 38 yerdəyişmə);

Güləş: -56 (qadın güləşi ilə bərabərliyin təmin edilməsi məqsədilə, üç proqram üzrə idmançı itkisi);

Güllə atıcılığı: -30 (gender bərabərliyi üçün kişi idmançı lisenziyasının ləğvi);

Kanoe: 0 (55 kişi əvəzinə 55 qadın);

Üzgüçülük: -22;

Vaterpol: -18 (iştirak limiti yolu ilə);

Velosiped (BMX ötüşmə): 0 (8 kişi əvəzinə 8 qadın);

Velosiped (mauntinbayk): 0 (8 kişi əvəzinə 8 qadın; BMX fristaylın xeyrinə 4 idmançı yeri itkisi);

Velosiped (şose): 0 (BMX fristaylın xeyrinə 14 idmançı yeri itkisi);

Yelkən: -30 (gender bərabərliyi üçün kişi idmançı lisenziyasının ləğvi).

Bütün bunlar nə deməkdir.

Təsnifat yarışlarında mübarizə daha da kəskinləşəcək. Əlbəttə, təzə növlər arasında karatenin olması bizi sevindirməyə bilməz. İtirdiyimiz proqramlar və imkanları məhz bu növ əvəz edə bilər. Lakin artıq olimpiya statusu almış bu növdə rəqabətin nə qədər kəskinləşəcəyi bəllidir. Buna görə federasiya böyük planını xeyli əvvəl tutmalı idi. Bu, təkcə yarışlarda ənənəvi iştirak prinsipindən uzaqlaşaraq, məhz olimpiya çəkilərində idmançıların xüsusi hazırlıq estafetinə çıxmasıdır. İlkin araşdırmalarım, hələ ki, bu istiqamətdə dəyişiklik olmadığını göstərir. Boksda qadınların xeyrinə dəyişiklik, ağırlıqqaldırmada itirilən çəkiyə, kanoe və kayakın sprint və slalomunda, akademik avarçəkmədə iş prinsipləri dəyişməlidir. Əsas iddialı oldğumuz növlərdə də idmançıların olimpiya yolu bir az çətinləşir. Buna görə idmançılarımızın, xüsusən boksçularımızın, güləşçilərin rəqabətdə əsas yarışlarda lisenziya qazanmasına diqqət artırılmalıdır. Deməli, prioritet hazırlıq kursu dəyişməlidir. Hələ ki, bu məsələyə federasiyalardan reaksiyanı gözləyək.

Ümumiyyətlə, Azərbaycan idmanında qadın mövzusunu da həssaslıqla qarşılyab, bəzi məqamlara xüsusi diqqət yetirməyin də vaxtı çatıb. Çünki istədik-istəmədik, dünyada baş verənlərlə ayaqlaşmaq məcburiyyətindəyik. Buna görə yerli qadın idmançıların hazırlığı məsələsinə, indiki şərtlər daxilində, məktəblərdən başlanmalıdır. Olimpiya oyunları üçün gender bərabərliyi bizə daha çox öz prinsiplərimizlə və milli baxışımızla bir çox yenilkilərə həyat verməyə bir fürsətdir. O biri yandan, küçə idmanı növlərinə diqqət ayrımaq üçün kompleks işlər görülməlidir. Bu bəzi kök atmış çatışmazlıqların, məktəblərdə bədən tərbiyəsi və idman dərslərinə, yerlərdə, klub və cəmiyyətlərdə idmana münasibətdə yenilkilərin baş verməsinə gətirib çıxara bilər. Onu qaçırmayaq.

Qərarlarını BOK bir diqqətçəkən məsələ ilə bitirir: «BOK – könüllülərin idman yolu ilə daha yaxşı bir dünya qurmaq üçün birləşdiyi qeyri-kommersiya təşkilatıdır. O, gəlirlərinin 90 faizini idmanın geniş yayılmasına xərcləyir. Bu, idmançılara və idman təşkilatlarına hər gün 3,25 milyon dollar ekvivalentində kömək edilməsi deməkdir. Bu da mühüm xatırlatmadır.

BATI YAR

Xəbər 1245 dəfə oxundu.