Böyük hədəfləri olan balaca şahmatçı
Dünyada ön sıralarda olan Azərbaycan şahmatının uğurları hər birimizi fərəhləndirir. Bu uğurlar, şahmatçılarımıza dövlət qayğısı, Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramının uğurla həyata keçirilməsi şahmatımızın gələcəyinin möhkəm təməlinin qoyulmasında mühüm rol oynayır. Balaca şahmatçılarımız dövlətimizin qayğısını, aparıcı şahmatçılarımızın uğurlarını görərək, böyük arzularla və həvəslə şahmat cığırlarında addımlamağa başlayırlar.

Elə bu yazımızın qəhrəmanı – balaca şahmatçı Davud Binnətzadə də, özünün dediyi kimi, dünya şahmatının liderlərindən olan Şəhriyar Məmmədyarovun bu ayın əvvəllərində 2800-lük reytinq əmsalını aşmasını görərək, indidən bu rekordu yeniləmək həvəsi ilə qarşısındakı uzun şahmat yolunda özünə böyük hədəf seçib. Doğrudur, hələ 10 yaşı tamam olmayan şahmatçımız bu hədəfə çatmaq üçün neçə illər böyük əmək sərf etməlidir. Ancaq böyük hədəflər və bu hədəflərə doğru yolda böyük əmək uğurun əsas təməl prinsipləridir.

Qeyd etdiyim kimi, Davudun hələ 10 yaşı yoxdur. 2007-ci il noyabrın 27-sində anadan olmuş Davud paytaxtın 132-134 saylı orta məktəbinin 3-cü sinfini yenicə bitirib. Şahmatla məşğul olması onun çox vaxtını alsa da, dərslərindən də geri qalmır və bu ili də əlaçı kimi başa vurub.

Davud şahmatla 6 yaşından Nəsimi rayonundakı 1 saylı İOEUGŞDİM-də məşğul olur. Bu idmana onu həvəskar şahmatçılar olan atası və böyük qardaşı həvəsləndiriblər. İndiyədək bir sıra dərəcə yarışlarında mükafata layiq yerlər tutmuş Davud, bu günlərdə, daha dəqiq desək, iyunun 13-də başa çatmış 16 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə birinci dərəcə uğrunda paytaxt yarışının A turnirində uğur qazanaraq, müvafiq dərəcə normasını yerinə yetirib. Bu turniri 7 xalla birinci yerdə başa vuran Davudun bu uğurunda 1 saylı İOEUGŞDİM-də müəllimi Mehman Rzayevin böyük əməyi var.

Davud hələ şahmat yolunda ilk uğurlarını qazanır. Bu nailiyyətlərin onu hədəflədiyi böyük uğurlara aparacağına inanırıq.

Vüqar MƏMMƏDOV


Xəbər 1401 dəfə oxundu.