Dünya Kubokunun Qəbələ mərhələsi: çinli qadın atıcılar qızıl və gümüş medal qazanıblar
Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar davam edir.

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən yarışlarda qadın idmançılar tüfəngdən 10 metr məsafədə yerləşən hədəfə dəqiq atəş açmaq yarışında mübarizə aparıblar. Çin idmançıları Xinyi Penq qızıl və Menqyo Şi gümüş, Sinqapur atıcısı Xianq Jasmine Ser bürünc medal qazanıblar.

Qaliblərə mükafatları Beynəlxalq İdman Atıcılıq Federasiyasının nümayəndələri təqdim ediblər.

Atıcılığın eyni növü üzrə kişilərin yarışında isə Serbiya atıcısı Milutin Stefanoviç qızıl, Çin idmançısı Yunconq Yao gümüş, Macarıstan təmsilçisi İstvan Peni bürünc medal qazanmışdı.

Qeyd edək ki, 30 idmançı ilə yarışlara qatılan Çin komandası 3 medalla 45 ölkə arasında birinci yerdədir. İyunun 14-dək davam edəcək bu mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirəcəklər. Azərbaycanı bu mötəbər yarışda 10 idmançı ilə təmsil edir. Dünya Kuboku yarışlarının Qəbələ mərhələsinin qalibləri bu ilin oktyabrında Hindistanda keçiriləcək final yarışında iştirak edəcəklər.

Xəbər 645 dəfə oxundu.