“İdman” qəzeti öz namizədlərini müəyyənləşdirdi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında» 22 iyul 2013-cü il tarixli Sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasında mənzillə təmin olunmaq üçün “İdman” qəzetinin namizədlərinin müəyyənləşdirilməsi üçün iclas keçirilib.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun tərtib etdiyi meyarlar əsasında “”İdman” qəzetinin redaksiyasında keçirilən iclasda "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri"nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə yaradılan komissiyanın üzvü – “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev iştirak edib.

“İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyevin sədrliyi ilə keçən iclasda redaksiya əməkdaşlarının jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzil-məişət şəraiti ilə bağlı müzakirələr aparılıb və qeyd edilən komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olan namizədlər müəyyənləşdirilib.

İclasda mətbuata dövlət qayğısının ilbəil artdığı qeyd olunub və jurnalistlər üçün yaşayış binalarının tikintisinin Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətinin bariz nümunəsi olduğu vurğulanıb. Baş redaktor bu il 85 illik yubileyini qeyd edəcək “İdman” qəzeti əməkdaşlarının da milli mətbuat günündə mənzillə təmin ediləcək jurnalistlər arasında olacağına ümidvar olduğunu bildirib.

Jurnalistlər üçün inşa edilmiş yaşayış binasında mənzillə təmin edilmək üçün əməkdaşlar tərəfindən “İdman” qəzetinin məsul katibi Vüqar Məmmədovun, müxbiri Bəxtiyar Məmmədovun və baş mühasibi Ayaz Səfərəliyevin namizədlikləri irəli sürülüb. Keçirilən səsvermədə hər üç əməkdaşın namizədliyi yekdilliklə dəstəklənib.

Sonda müvafiq komissiyanın üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev kollektivə uğurlar arzulayaraq, mənzillə təmin olunacaqlar arasında ölkə mətbuatında özünəməxsus yeri və tarixi ənənələri olan “İdman” qəzeti əməkdaşlarının da olacağına inandığını bildirib.

Xəbər 2901 dəfə oxundu.