Atçılığın konkur növü üzrə beynəlxalq turnirə yekun vurulub
İyunun 4-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı beynəlxalq turnirə yekun vurulub.

Turnirin final mərhələsində Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və İrandan, ümumilikdə, 15 idmançı iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev idmançıları və yarış iştirakçılarını salamladıqdan sonra bildirib ki, ölkəmizdə atçılıq idman növünün inkişafı istiqamətində mühüm işlər görülməkdədir. Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təcrübəli idmançıların, beynəlxalq yarışlarda rəqabətqabiliyyətli atların yetişdirilməsi, məşhur Qarabağ və Dilbaz at cinslərinin dünya şöhrətinin artırılması üçün zəruri tədbirlər görülür. Bu işlər mütəmadi olaraq davam etdirilir. E.Quliyev qeyd edib ki, beynəlxalq yarışlarda üçrəngli bayrağımızın ucaldılması, himnimizin səsləndirilməsi hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir. Bildirilib ki, Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısından ruhlanan idmançılarımız möhtəşəm qələbələri ilə hamımızı sevindirməkdə davam edəcəklər.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarışın final mərhələsinə start verilib.

Yarışın son günündə 140-160 santımetrlik maneədən tullanmada 9 idmançı və 15 at mübarizə aparıb. Turnirin qalibi və kubokun sahibi iranlı Maziar Jamşid Xani olub. Azərbaycanlı idmançılardan Rəşad Səmədov ikinci, Seyid Musayev isə üçüncü yerə sahib çıxıblar.

Qalib idmançılar medal və diplomlarla təltif olunublar.

Bu turnir Qafqaz Liqasına daxil olan idmançıların Dünya Kubokuna təsnifat mərhələsi hesab edilir. Eyni zamanda, final yarışı idmançılara “Longines” dünya sıralaması üçün də 50 xal toplamaq imkanı verir.

Xəbər 2197 dəfə oxundu.