Atçılığın konkur növü üzrə beynəlxalq turnirin ikinci günü idmançılarımız üçün uğurlu olub
İyunun 3-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı beynəlxalq turnirin ikinci günü maraqlı mübarizə şəraitində keçib.

Turnirdə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Gürcüstan və İrandan, ümumilikdə, 19 idmançı iştirak edib.

Yarışın ikinci gününün nəticələrinə əsasən 1,25 santımetrlik maneədən tullanmada azərbaycanlı idmançı Rahib İsmayılov ayrı-ayrı atlarla birinci və ikinci yeri tutub. Üçüncü yerə isə gürcüstanlı Giorgi Samxaradze çıxıb.

İdmançıların 1,45 santımetrlik maneədən tullanma yarışında isə azərbaycanlı Rəşad Səmədov birinci, Ələkbər Məmmədov isə ikinci olub. Üçüncü yerdə iranlı Xani Maziar Jamşid qərarlaşıb.

Qeyd edək ki, bu turnir Qafqaz Liqasına daxil olan idmançıların Dünya Kubokuna təsnifat mərhələsi hesab olunur. Eyni zamanda, final yarışı idmançılara “Longines” dünya sıralaması üçün də 50 xal toplamaq imkanı verir.

Turnirə iyunun 4-də yekun vurulacaq.

Xəbər 1547 dəfə oxundu.