"Qarabağ" klubunun baş meneceri Avropa Klubları Birliyinin sertifikatına layiq görülüb
Ağdamın “Qarabağ” futbol klubunun baş meneceri Asif Əsgərov Avropa Klubları Birliyinin (ECA) və Stokholm Biznes Universitetinin birlikdə təşkil etdiyi klub idarəçiliyi proqramını uğurla başa vuraraq sertifikatla təltif edilib.

40-dan çox klub nümayəndəsinin qatıldığı kursun mükafatlandırma mərasimi Polşanın Varşava şəhərində keçirilib.

A.Əsgərov deyib: “Son 10 ildə UEFA məşqçiliyin inkişaf etməsi üçün “B”, “A” və Pro kateqoriyalı məşqçilik kursları keçirməyə başlasa da, ali futbol qurumu klub idarəçiliyi ilə bağlı işlər görməyə start verib. ECA da buna uyğun olaraq, ilk dəfə klub idarəçilərinin menecmentinə müvafiq qaydada belə bir proqram hazırlayıb. Ötən ilin yanvarında start verilən bu proqram 7 (6+1) moduldan, hər modul isə iki hissədən ibarətdir. Bu modullar futbol idarəçiliyi ilə bağlı sahələri əhatə edir. Məsələn, bir modul klub daxili və xarici mühitin idarə olunmasını, başqa bir modul oyun günü idarəçiliyi, digərində hüquqi futbol, transfer çalışmalarını əhatə edirdi”.

Proqram çərçivəsində klub rəsmilərinin idarəçilik qabiliyyəti yoxlanılıb. Burada “TOP-5” və yüksək əmsallı klubların müvafiq bölmələrinin rəhbərləri seminar keçib və sonda imtahan aparılıb. Hər modul məşhur stadionda keçirilib. Seminarlar “Visente Kalderon” (Atletiko Madrid), “Allianz Arena” (Bavariya), “Park Olimpik Lyon” (Lyon), “Draqao” (Portu) və “Legiya” (Legiya) stadionlarında baş tutub. Yekunda 31 sertifikat təqdim olunub.

İtaliyanın “İnter” və “Milan”, Yunanıstanın “Olimpiakos”, İngiltərənin “Tottenhem” və digər böyük klubların menecerləri də bu proqramda iştirak ediblər. Türkiyədən “Beşiktaş” və “Fənərbağça” klublarının idarəçiləri bu proqrama qoşulsalar da, sonda yalnız “Fənərbağça” rəsmisi sertifikatla təltif edilib. Proqram 6+1 moduldan ibarət olub. Həmin +1 modul Avropa Klublar Birliyinin Stokholm Biznes Universiteti ilə birlikdə keçirdiyi layihə olub. Layihəyə uyğun olaraq, Stokholm Universitetində iki gün ərzində professorlar tərəfindən idarəçilik haqda mühazirələr dinlənilib. Daha sonra isə universitetin professorları tərəfindən imtahandan sonra “Legiya” stadionunda sertifikatlar təqdim olunub. Bu layihə uğurlu başa çatdığına görə, noyabrdan klub idarəçiləri üçün “CMP-2” proqramı başlayacaq və o da 18 ay davam edəcək.

Xəbər 775 dəfə oxundu.