“Olimpiya hərəkatı” proqramının rayon mərhələsi sona çatıb
Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən məktəblilərin “Olimpiya hərəkatı” proqramının rayon mərhələsi başa çatıb. İlk dəfə 2015-ci ildə Bakının məktəbləri arasında keçirilən yarışların arealı bu ildən genişləndirilib. Bu il oyunlar paytaxtla yanaşı, Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonunda təşkil olunub. Proqram çərçivəsində məktəblilər idmanın beş növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və velosiped idmanı üzrə yarışlarda iştirak ediblər.

Gəncə şəhərinin Kəpəz rayonu üzrə velosiped idmanı yarışında finala 38 saylı məktəbin komandası vəsiqə qazanıb. Məktəbin idman müəllimi İlqar Paşayev “Olimpiya hərəkatı” proqramının Gəncədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirərək deyib: “Biz yarışlara hazırlaşarkən idman avadanlığı barədə əvvəlcə narahat idik. Lakin proqram çərçivəsində velosipedlər və digər avadanlıqla təmin edildik. Yarışlar gözlədiyimizdən də yaxşı təşkil olunmuşdu. “Təhsil” Respublika İdman Mərkəzinin məşqçi və hakimləri oyunlara nəzarət etdilər”.

İlqar Paşayev iyunda Bakıda baş tutacaq final mərhələsinə yaxşı hazırlaşdıqlarını və şagirdlərinin qalib gələcəyinə inandığını vurğulayaraq bildirib: “Komandamız final mərhələsinə - respublika birinciliyinə hazırlaşır. Qələbə qazanmaq əzmindəyik. Məktəblilərin yarışlara ilk gündən marağı böyük idi. Lakin finala vəsiqə qazandıqdan sonra onların həvəsi daha da artdı. Ümid edirəm ki, onlar Bakıda da uğurlu nəticə göstərəcəklər”.

“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru İntiqam Hüseynov da məktəblilərin asudə vaxtını səmərəli keçirməsi, sağlam həyat tərzinə yiyələnməsi üçün idmandan yaxşı fəaliyyətin olmadığını bildirib: “Bu idman yarışları uşaqların fiziki inkişafını təmin etməklə yanaşı, onlara çox böyük sevinc də bəxş edir. “Olimpiya hərəkatı” festival formatında keçirilməsi uşaqları həvəsləndirən amillərdəndir. Proqram çərçivəsində Gəncə şagirdlərinin göstəricilərini normal qiymətləndirirəm. Gəncədə “Olimpiya hərəkatı” ilk dəfədir keçirilir. Bunu nəzərə alaraq deyə bilərəm ki, nəticələr yaxşıdır. Proqramda velosiped idmanına maraq daha böyükdür. İdmanın digər növləri məktəblərdə tədris olunsa da, badminton və velosiped şagirdlər üçün yenilik idi. Nəticələr göstərir ki, məktəblilər arasında bu beş idman növü üzrə çox istedadlı, gələcəkdə yığma komandanın tərkibində iştirak etməyə layiq uşaqlar var”.

“Olimpiya hərəkatı” ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə keçirilir.

Qeyd edək ki, Proqramın final mərhələsi iyunun 4-dən 6-dək Bakıda keçiriləcək.

Xəbər 1230 dəfə oxundu.