Azərbaycanın qadın voleybolçuları İsrail millisinə qalib gəliblər
İyunun 2-də Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində “E” qrupunda növbəti görüşlər keçirilib.

Azərbaycanın qadın voleybolçuları qrup mərhələsində keçirdikləri dördüncü oyunu da qələbə ilə başa vurublar. Milli komandamız İsrail yığması ilə oyunda 3:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada ilk setdə Azərbaycan komandası 25:9 hesabı ilə asan qələbə qazanıb. Voleybolçularımız ikinci setdə də çətinlik çəkmədən qalib gəliblər - 25:14. Üçüncü seti də qələbə (25:18) ilə başa vuran Azərbaycan komandası matçda qalibiyyətini rəsmiləşdirib.

Günün sonuncu oyununda isə Hollandiya millisi Ukrayna yığmasına qalib gəlib – 3:1 (30:28, 18:25, 25:13 və 27:25).

Xatırladaq ki, günün ilk oyununda Norveçin qadın voleybolçuları Danimarka yığması üzərində 3:1 hesablı qələbə qazanıblar (21:25, 25:21, 25:23 və 25:15).

Hazırda Azərbaycan və Hollandiya milli komandaları 12 xalla qrupa başçılıq edirlər. Ukrayna milli komandası 6 xalla ikinci, İsrail və Norveç yığmaları isə 3 xalla dördüncü və beşinci pillədə qərarlaşıblar. Sonuncu yerdə olan Danimarka millisinin isə hesabında xal yoxdur.

“E” qrupu çərçivəsində iyunun 3-də keçiriləcək sonuncu turun saat 15:00-da oynanılacaq ilk görüşündə Norveç və İsrail milli komandaları üz-üzə gələcəklər. Günün ən maraqlı qarşılaşması liderlər arasında oynanılacaq. Azərbaycan və Hollandiya yığma komandaları qarşılaşacaqlar. Bu qarşılaşma saat 17.30-da başlayacaq. Sonuncu görüş isə Ukrayna və Danimarka voleybolçuları arasında keçiriləcək.

Xəbər 1335 dəfə oxundu.