Dubayda keçirilən şahmat turnirinin qalibi müəyyən olunub
Misirli qrossmeyster Bassem Amin 9 xaldan 8-ni toplayaraq Dubayda Birləşmiş Ərəb Əmirliklərinin mərhum prezidenti Zayed bin Sultan Al Nahyanın xatirəsinə həsr olunmuş şahmat turnirində qalib olub.

Moldavan Viorel İordakesku misirli qrossmeysterlə eyni sayda xal toplayıb, İspaniya təmsilçisi Viktor Moskalenko ondan yarım xal geri qalıb.

Bu yarışda Azərbaycanı beynəlxalq qrossmeyster Elmar Məhərrəmov təmsil edib. O, 6,5 xal toplayaraq 9-cu yeri tutub. Aktivində 4 qələbə və 5 heç-heçə oyun var.

Dubay turnirində 25 ölkədən 135 şahmatçı, o cümlədən on qrossmeyster iştirak edib. İsveçrə sistemi üzrə keçirilmiş turnir 9 turdan ibarət olub.

Xəbər 723 dəfə oxundu.