Ümumtəhsil məktəblərində “Olympic Moves” proqramı həyata keçirilir
Ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, Olimpiya idman irsinin davam etdirilməsi məqsədilə “Olympic Moves” proqramı həyata keçirilir. Proqram Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə dəstəyi ilə reallaşdırılır.

Bu proqramda məktəblilər idmanın beş növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və veloidman üzrə yarışlarda mübarizə aparırlar. Yarışlar Bakı, Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonunu əhatə edir. Artıq yüngül atletika üzrə Sumqayıt şəhərində rayondaxili yarışlara yekun vurulub. Birinci yerə 23 nömrəli tam orta məktəbin şagirdləri layiq görülüb.

Mükafatlandırılma mərasimindən sonra qalib məktəbin şagirdlərinin və müəlliminin fikirləri öyrənilib. 23 nömrəli məktəbi atletika yarışlarında təmsil edən Rəvan İbrahimli oyunlardan məmnunluğunu ifadə edərək deyib: “Final oyunu çox maraqlı oldu. Beş nəfər birinci yerə çıxdı. Bundan başqa, bir nəfər ikinci, bir nəfər isə üçüncü yerə layiq görüldü. “Olympic Moves” proqramına hazırlıq mərhələsində idman dərslərində çoxlu məşq edirdik, yaxşı hazırlaşmışdıq və qalib gəldik. Yarışlar ərzində müəllimim, komanda yoldaşlarım və valideynlərim mənə dəstək olurdu”.

Məktəbin digər atleti, rayondaxili yarışlarda iki növ üzrə qalib gələn İlknur Qiyasova isə deyib:

“Yarışda 200 metr məsafəyə qaçışda və uzununa tullanmada birinci oldum. Həyəcanlı idim. Müəllimimin məsləhətlərinə əməl edərək qalib gələ bildim. İdman dərslərində də müəllimimiz bizi çox çalışdırır. 30 və 60 metr məsafələrə qaçmaqla məşq edirdik. Ümid edirəm ki, gələcəkdə başqa ölkələrdə keçirilən yarışlarda da Azərbaycanı uğurla təmsil edəcəyik”.

23 saylı məktəbin idman müəllimi Fazil Abdullayev “Olympic Moves” proqramının məktəblilərin peşəkar idman karyeralarında ilk pillə olduğunu deyir: “Məktəb yarışlarında uşaqların iştirakı yaxşı haldır. Təşkilatçılara öz minnətdarlığımızı bildiririk. Yarışlar həqiqətən saf keçirildi. Buna heç bir şübhəmiz yoxdur. Şagirdlərin fiziki və taktiki keyfiyyətlərinə önəm veririk. Bu xüsusiyyətlər atletika idman növündə mütləq olmalıdır. Uşaqlar çox istəklə hazırlaşırlar. Məşqlər öz bəhrəsini verdiyi üçün şadıq. Final mərhələsində də Sumqayıt məktəblilərinin uğurlu nəticə ilə seçiləcəyinə inanıram. Bütün iştirakçılara uğurlar arzulayıram”.

“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının direktoru Teymur Qafarov isə “Olympic Moves” proqramının məktəblilərə ən birinci və əsas faydasının onları idmana cəlb etmək olduğunu bildirir:

“Sumqayıt məktəblilərinin və orta məktəblərin idman müəllimlərinin “Olympic Moves”də təmsil olunan idman növlərinə marağı artıb. Sumqayıt məktəbləri birinci dəfədir bu yarışlarda iştirak edir və birinci il üçün nəticələri yaxşıdır. Yarışlar boyunca şagirdlərlə yanaşı, çox müəllimimiz də həyəcanlı olur, amma gələn ildən daha da yaxşı iştirak edə biləcəklər. Artıq finala çıxan komandalarla fərdi məşqlər başlayıb. Atletika idmanı məktəblilərə yaxşı tanışdır, orta məktəblərdə tədris olunur. Buna görə də uşaqlarımız daha cəsarətlidirlər. İstənilən yarış uşaqda maraq yaradır. Elə buna nəzərə alaraq, paytaxtla kifayətlənmək olmaz, regionların da cəlb olunması çox yaxşı haldır. Regionlarda potensiallı uşaqlar var. Layihənin ərazisinin genişləndirilməsi həmin uşaqların özlərini idmanda ifadə etməsi üçün yaxşı imkan oldu”.

Proqramın final mərhələsi iyunun 4-dən 6-dək Bakıda keçiriləcək.

Qeyd edək ki, “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb.

Xəbər 756 dəfə oxundu.