Azərbaycan idmançıları kosiki karate-do üzrə açıq Asiya kuboku yarışlarında uğurla çıxış ediblər
Rusiya Federasiyasının Barnaul şəhərində kosiki karate-do üzrə açıq Asiya kuboku yarışları keçirilib.

Kosiki karate-do idman növünün inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Kosiki Karate-do Federasiyanın fəxri prezidenti Arif Paşayev idmanın bu növü üzrə beynəlxalq qurumun xüsusi medalı və diplomu ilə təltif edilib.

Yarışda on ölkədən 12 komanda birincilik uğrunda mübarizə aparıb. Bunkay-kumite yarışlarında Nazim Mövsümzadə, Asiman Namazov və Məqsəd Yusupovdan ibarət Azərbaycan millisi komanda hesabında birinci olub.

Kata üzrə fərdi yarışlarda 18 yaşdan yuxarı karateçilərin mübarizəsində Nazim Mövsümzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin kateqoriyada Asiman Namazov gümüş medala sahib olub. 14-15 yaşlı idmançıların kata yarışında isə Alina Berziqiyarova bütün rəqiblərindən üstün olub.

On səkkiz yaşdan yuxarı karateçilərin kumite yarışında Asiman Namazov üçüncü olub. Bu yaş kateqoriyasında Alina Berziqiyarova turniri üçüncü pillədə başa vurub. Veteran idmançılar arasında 82 kiloqramdan yuxarı çəki dərəcəsində isə Yuri Mustafayev bürünc medal qazanıb.

Azərbaycan Kosiki Karate-do Federasiyasının prezidenti Talıb Berziqiyarov yarışla bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərkən deyib: “Artıq ikinci ildir turnirdə iştirak edirik. Bu il yarış gərgin idman mübarizəsi şəraitində keçdi. Rəqiblərimiz çox güclü idi. Azarkeşlər yarışı böyük hərarətlə qarşıladılar. Əsas rəqiblərimiz Rusiya, Çin, Özbəkistan və Monqolustan idmançıları idi”.

Komandamızın turnirə ciddi hazırlaşdıqlarını deyən Talıb Berziqiyarov Azərbaycan millisinin yarışda güclü rəqib hesab olunduğunu diqqətə çatdırıb. “Rusiyadakı turnir zamanı Beynəlxalq Kosiki Karate-do Federasiyasının prezidenti Masayuki Kukan Xisataki dünyada kosiki karate-do idman növünün inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Kosiki Karate-do Federasiyanın fəxri prezidenti Arif Paşayevi medal və diplomla təltif edib. Ölkəmizdə idmanın bu növünün inkişafı yüksək qiymətləndirilib, karateçilərimizin qazandığı nailiyyətlərin əhəmiyyəti vurğulanıb”, - deyə federasiya rəsmisi əlavə edib.

T.Berziqiyarov deyib: “İdmançılarımız turnirə hazırlığı Milli Aviasiya Akademiyasının və “Neftçi-Pirallahı İdman Klubu” İctimai Birliyinin idman zallarında keçiblər. Qarşıda bizi ciddi yarışlar gözləyir. İyulun 12-14-də Kanadada təşkil olunacaq dünya çempionatına dəvət almışıq. Mundialın hazırlığına mayın 27-də Milli Aviasiya Akademiyasında start verəcəyik. İyunda keçiriləcək respublika çempionatında 8 klubdan 200-dən artıq karateçi birincilik uğrunda mübarizə aparacaq. Noyabrda isə Yaponiyada təşkil olunacaq açıq turnirdə iştirak edəcəyik. Ümid edirəm ki, qarşıdakı yarışlarda da uğurla çıxış edib, azarkeşlərimizi sevindirəcəyik”.

Xəbər 739 dəfə oxundu.