“Minsk-2019” ikinci Avropa Oyunları iyunun 21-30-da keçiriləcək
Avropa Olimpiya Komitəsinin Skopye şəhərində keçirilən 38-ci seminarında “Minsk-2019” Avropa Oyunlarının keçirilmə vaxtı təsdiqlənib.

Oyunlar iyunun 21-30-da keçiriləcək. Açılış və bağlanış mərasimləri Minsk şəhərindəki “Dinamo” stadionunda baş tutacaq. Bəzi yarışlar Oyunların rəsmi açılışından bir gün əvvəl - iyunun 20-də başlaya bilər. “Dinamo” stadionunda rekonstruksiya işlərinin 2017-ci ilin sonlarında başa çatacağı gözlənilir. İnşaat işlərinin dövlət proqramı çərçivəsində aparıldığı və Avropa Oyunları ilə bağlı olmadığı bildirilir. Əvvəllər Belarusun futbol üzrə milli komandasının istifadəsində olan və 1980-ci ildə Yay Olimpiya Oyunlarının turnirlərini qəbul edən stadionda yüngül atletika yarışları keçiriləcək.

“Minsk-Arena” isə gimnastika üzrə yarışların məkanı kimi təsdiq edilib. 15 min azarkeş üçün nəzərdə tutulan çoxfunksional meydançada idman gimnastikası və bədii gimnastika, akrobatika, batutda tullanma yarışları olacaq. Arena 2013-cü il dünya çempionatında istifadə edilən velodromun da daxil olduğu üç binadan ibarət kompleksdir. Burada, həmçinin trekdə yarış və badminton üzrə yarışların təşkili nəzərdə tutulur.

Şose yarışları şəhərin küçələrində keçiriləcək, Minskin mərkəzində 2 min tamaşaçı tutumuna malik “Palova-Arena” 3X3 basketbol yarışlarına ev sahibliyi edəcək.

Boks turniri “Uruçye” İdman sarayında, sərbəst, yunan-Roma, qadın güləşləri və sambo – “Çijovka-Arena”da təşkil olunacaq. Sprinter kanoesində yarışlar “Zaslavle” avarçəkmə kanalında, karate və cüdo – İdman Sarayında, çimərlik futbolu və çimərlik voleybolu – Olimpiya İdman Kompleksində, atıcılıq – “Sporting Club”da, stolüstü tennis – “Falcon Club”da, kamandan oxatma – “Minsk” futbol klubunun meydanlarında keçiriləcək.

Həmçinin oyunların proqramına daxil edilən 16 idman növündən 11-nin “Olimpiada-2020”-yə lisenziya xarakteri daşıdığı təsdiqlənib. Gimnastika və güləş, 3X3 basketbol, sambo və çimərlik futbolu olimpiya proqramına daxil olunmadığı üçün istisna təşkil edir.

İdmançılar tələbə şəhərciyində yerləşdiriləcək. İkinci Oyunlarda 4 min idmançının və 2 min rəsmi şəxsin iştirakı gözlənilir.

Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyası Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun başçılığı ilə yarışların keçiriləcəyi idman arenalarında olub .

Belarusun Baş naziri Andrey Kobyakov “Minsk-2019”-un təşkilat komitəsinin sədri seçilib. Əvvəllər Belarus Respublikasının Milli Olimpiya Komitəsinin baş katibi işləyən Georgi Katulin direksiyaya başçılıq edəcək. Milli Olimpiya Komitəsinin hazırkı baş katibi Anatoli Kotov isə onun müavini olacaq. Birinci vitse-prezident Andrey Astaşeviç “Minsk-2019”-un nümayəndəsi kimi kooperativ üzv qismində Avropa Olimpiya Komitəsinin icraçı komitəsinin heyətinə daxil ediləcək. Sergey Şablıko Oyunların idman direktoru təyin olunub.

“Minsk-2019” işçi qrupu Oyunların şüarının “Bright You” (“Əlvan sən”) olacağını bəyan edib.

Avropa Olimpiya Komitəsi idmançıların və Milli Olimpiya komitələrinin rəsmi nümayəndələrinin yol xərclərini üzərinə götürəcək, “Minsk-2019” isə qəbul edən tərəf kimi şəhərdə qalmaq xərclərini ödəyəcək.

Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib.

Xəbər 1539 dəfə oxundu.