“Qəbələ”nin mübarizə apardığı turnirdə “Milan” komandası çempion olub
İtaliyanın Rimini şəhərində Flavio Perottinin xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub.

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası qrup mərhələsinin son oyununda “Kapilan Pallo” ilə qarşılaşıb. Sərxan Mirzəzadənin qol sevinci yaşadığı matç “qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bunadək “A” qrupundakı ilk iki oyununda “Milan” (0:3) və “Spal 2013” (0:0) ilə görüşən Ülfət Mədətovun baş məşqçisi olduğu komanda mərhələni 4-cü pillədə başa vurub.

Növbəti mərhələdə “Qəbələ” daha iki oyun keçirib. Komandamız İtaliya təmsilçiləri “Forli” və “Prato” ilə görüşüb. Hər iki qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bu qarşılaşmalarda komandamızın qollarını müvafiq olaraq, İbrahim Ramazanov və Fərid Kələntərəov vurublar.

Turnirin final oyununda isə “Milan” və “Real” qarşılaşıb. İtaliya təmsilçisi 4:1 hesablı qələbə qazanıb.

Xəbər 594 dəfə oxundu.