Azad Rəhimov: Oyunlar yüksək səviyyədə keçirildi
Dünən IV İslam Həmrəyliyi Oyunlarının yekununa həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirdə gənclər və idman naziri, Oyunların əməliyyat komitəsinin baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyid Dahruq, Milli Olimpiya Komitəsinin, eyni zamanda, İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə və Oyunların Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak edirdilər.

Azad Rəhimov mayın 12-dən 22-dək Bakıda keçirilmiş İslamiadanın millimiz üçün uğurlu olduğunu bildirdi: “İdmançılarımız gərgin idman mübarizəsi nəticəsində qələbə qazandılar. 162 medal, o cümlədən 75 qızıl, 50 gümüş, 37 bürünc mükafat qazanan Azərbaycan çox yaxşı nailiyyət əldə edib. Biz bu gün qələbəni qeyd edirik. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bu gün idmançıları qəbul edərkən vurğuladı ki, Rio-2016-da qazandığımız uğurlu nəticə bu dəfə də öz əksini tapdı. Qeyd edim ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən bütün idmançılar, missiya rəhbərləri İslamiadanın təşkilindən məmnunluqlarını bildiriblər. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunları ilə belə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu dünyaya göstərə bildi. Bu işlərdə bizlə birgə könüllülər və 1500-dək işçi çalışdı”.

Nazir vurğuladı ki, açılış və bağlanış mərasimlərində tərtibat yüksək səviyyədə idi: “Bakı sakinləri yarışları bayram ab-havasında izlədilər. Atletlər kəndində qalan idmançılar onlar üçün yaradılan şəraitdən tam razı qaldılar. İstər təşkilatçılıq, istərsə də yarışlar baxımından Oyunlar yüksək səviyyədə keçirildi. Açılış və bağlanış mərasimlərində, yarışlar zamanı hər hansı problem müşahidə edilmədi. Yarışların işıqlandırılması, yayım məsələləri operativ qaydada təmin olundu. Bizimlə səmərəli əməkdaşlığa görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlığımızı bildiririk”.

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyyid Dahruq ev sahibi Azərbaycanın Oyunların təşkilinə, eləcə də möhtəşəm açılış və bağlanış mərasimlərinə mükəmməl hazırlaşdığını qeyd etdi. O, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə görülən yüksək səviyyəli işlərin əhəmiyyətini xüsusi vurğuladı. O, Azərbaycanın böyük idman yarışlarını, hətta Yay Olimpiya Oyunlarını da təşkil etməyə qadir ölkə olduğunu qeyd etdi: “Ümid edirik ki, Azərbaycan müsəlman ölkələri və xalqları arasında həmrəyliyin gücləndirilməsinə töhfə verməkdə davam edəcək”.

Çingiz Hüseynzadə milli komandamızın bu mötəbər yarışlardakı nailiyyətlərindən danışaraq ölkəmizin Oyunlarda güclü heyətlə təmsil olunduğunu bildirdi: “Azarkeşlər mükəmməl arenalarda maraqlı idman mübarizəsinin şahidi oldular”. O vurğuladı ki, millimiz ilk Avropa Oyunlarında olduğu kimi İslam Həmrəyliyi Oyunlarında da böyük uğura imza atdı: “Komandamızın 70 faizdən çoxu İslamiadanın mükafatçısıdır. Rioda hər 3 idmançımızdan biri medal qazanmışdısa, burada ondan da yüksək nəticə əldə etdik. Bu, Azərbaycan idmanının inkişafının göstəricisidir”.



Xəbər 2209 dəfə oxundu.