Belaruslu futbolçu “Qarabağ”ı təriflədi
“Çoxları Azərbaycan və Özbəkistan kimi ölkələrin çempionatlarının Belarusla müqayisədə aşağı səviyyədə olduğunu düşünürlər. Bununla razılaşa bilmərəm”. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu sözü Belarusun “Torpedo-BelAZ” klubunun futbolçusu Dmitri Rekiş deyib. Qış fasiləsində Ağdamın “Qarabağ” klubunun düşərgəsində baxışda olan, lakin geri qaytarılan legioner orada gördükləri haqda danışıb:

“Mənim baxışda olduğum “Qarabağ” Belarus çempionatında oynasaydı, ilk “üçlük”də möhkəmlənərdi. Komanda Avropa Liqasında pis çıxış etməyib. Elə Özbəkistan “Bunedkor”u da Asiya Çempionlar Liqasının iştirakçısıdır. Hər 2 komanda yaxşı səviyyədədir. Həm də Almaniya “Fortuna”sından sonra mənim başqa variantım yox idi. Bu üzdən əvvəl Özbəkistan, sonra Azərbaycana getdim. Hamı yazırdı ki, mən pul dalınca qaçıram. Əslində, belə deyil. Düzdür, orada Belarusdakı ilə müqayisədə yaxşı pul verirlər. Lakin heç də düşünüldüyü qədər pis futbol oynamırlar”.

Dmitri yenidən “Qarabağ”da peyda olmasını da istisna etmir: “Bizdə olduğu kimi, onlarda da 4-5 ciddi komanda var. Digərləri orta səviyyədən aşağıdır. Bizdən fərqli, orada futbola daha çox vəsait ayrılır. Bir də ki, Özbəkistan və Azərbaycanda hər futbolçunu komandaya götürmürlər. Ora düşmək asan deyil. Mənə yaxşı, perspektivli futbolçu olduğumu desələr də, sonradan heç nə alınmır. Yadımdadır, “Qarabağ”da yoxlama oyunu öncəsi mənə 15 nömrəli formanı verdilər. Bunun sevimli nömrəm olduğunu hardan bildiklərini soruşanda isə, cavabında “Bizlik deyil. Allahın işidir” dedilər. “Qarabağ”da kollektiv, hazırlıq, məşqçi xoşuma gəldi. Mənə dedilər ki, yayda və ya gələn qış yenidən ora qayıtmağım mümkündür”.

Xəbər 1151 dəfə oxundu.