Azərbaycan atletləri suyatullanma yarışlarının sonuncu günündə bir qızıl və bir gümüş medal qazanıblar
Mayın 21-də İslamiadanın Bakı Su İdmanı Sarayında keçirilən suyatullanma yarışlarının sonuncu günündə atletlər iki növ üzrə medallar uğrunda mübarizə aparıblar.

Kişi idmançılar 10 metr hündürlükdən sinxron, qadın atletlər isə 3 metr tramplindən suyatullanma üzrə yarışıbar.

Azərbaycanı kişilərin yarışında Artyom Danilov və Dmitri Sorokin, qadınların mübarizəsində isə Olqa Bıkovskaya təmsil ediblər.

Qadınlar arasında 3 metr tramplindən suyatullanma yarışında uğurla çıxış edən Azərbaycan idmançısı Olqa Bıkovskaya bütün rəqiblərini qabaqlayaraq “Bakı-2017”nin çempionu olub. Gümüş medalı türkiyəli Yaprak Seli Keskin, bürünc medalı isə indoneziyalı Della Harimurti aktivlərinə yazdırıblar.

Kişilər arasında 10 metr hündürlükdən sinxron suyatullanma yarışında Azərbaycan cütlüyü – Artyom Danilov və Dmitri Sorokin gümüş medala sahib olub. İran təmsilçiləri Şahnam Nazarpur və Mojtaba Valipur “Bakı-2017”nin qalibi adını qazanıblar. İraq üzgüçüləri Husseyn Əl-Elayavi və Husseyn Əl-Maliki yarışı bürünc medalla başa vurublar.

Xəbər 1941 dəfə oxundu.