Güləşçimiz Elmira Qəmbərova İslamiadanı üçüncü yerdə başa çatdırıb
Mayın 21-də güləş yarışlarının beşinci – sonuncu gününün ikinci yarısında qadın pəhləvanlar medallar uğrunda mübarizəyə başlayıblar.

Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda 63 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan pəhləvanı Elmira Qəmbərova IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olub. İdmançımız üçüncü yer uğrunda görüşdə kamerunlu Berte Emilen Etan Nqollaya 8:0 hesabı ilə qalib gəlib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri idmançımızın görüşünə baxıblar.

Bu çəki dərəcəsində qızıl medala nigeriyalı Blessinq Oborududu, gümüş medala türkiyəli Hafizə Şahin sahib olublar. Digər bürünc medala isə Qazaxıstan idmançısı Zarina Kunanqarayeva layiq görülüb.

Qalib idmançılara medalları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov təqdim edib.

Xatırladaq ki, mübarizəyə yarımfinal mərhələsindən qoşulan E.Qəmbərova finala gedən yolda nigeriyalı Blessinq Oborududuya uduzub.

Xəbər 1834 dəfə oxundu.