Elis Manolova qadın güləşçilərimizin aktivinə İslamiadanın ikinci qızıl medalını yazdırıb Qızıl medalı idmançımıza Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva təqdim edib
Mayın 21-də daha bir Azərbaycan güləşçisi IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

69 kiloqram çəki dərəcəsində mübarizə aparan Elis Manolova həlledici qarşılaşmada Qazaxıstan güləşçisi Jamila Bakbergenova ilə üz-üzə gəlib. Görüşdə rəqibinin kürəyini yerə vuran Elis Manolova İslamiadanın qızıl medalına sahib olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final görüşünə baxıb.

Elis Manolova finala gedən yolda kamerunlu Blandin Metala Epanqanı və türkiyəli Buse Tosunu məğlub edib.

Bu çəki dərəcəsində bürünc medallara Şerin Sultana və Türkiyə təmsilçisi Buse Tosun layiq görülüblər.

Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Xəbər 1859 dəfə oxundu.