Futbol üzrə Əlcəzair yığması İslamiadanın bürünc medalına sahib olub
Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında üçüncü yer uğrunda oyun keçirilib.

Bürünc medallar uğrunda Əlcəzair və Kamerun milli komandaları qarşılaşıblar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş azərbaycanlı hakimlər briqadası tərəfindən idarə olunub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində hesab açılmayıb. Matçda ilk qol oyunun 55-ci dəqiqəsində vurulub. Kamerun millisinin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Qaqa Ahmed hesabı açıb. Görüşün 64-cü dəqiqəsində Hamra Abderrahim ikinci topu Kamerun yığmasının qapısından keçirib – 2:0.

Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və oyun 2:0 hesabı ilə Əlcəzair millisinin xeyrinə başa çatıb.

Bununla da Əlcəzair milli komandası IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışının bürünc medallarına sahib olub.

Final görüşündə isə Azərbaycan və Oman milliləri üz-üzə gələcəklər.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq final matçı bu gün saat 21:00-da başlayacaq.

Xəbər 1857 dəfə oxundu.