Tennis yarışlarının onuncu günündə cütlüklər arasında qaliblər müəyyənləşəcək
Mayın 21-də İslamiadanın tennis yarışlarının onuncu günündə kişilər və qadınlar arasında fərdi mübarizənin final mərhələsinin bütün iştirakçıları və cütlüklər arasında qaliblər müəyyənləşəcək.

Gün ərzində ümumilikdə səkkiz görüş oynanılacaq. Kişilərin fərdi yarışında finala vəsiqə uğrunda Türkiyənin iki təmsilçisi mübarizə aparır. Altuğ Çelikbilek Mərakeş təmsilçisi Amin Ahouda, Anıl Yüksəl isə Qətər tennisçisi Mübarək Şannan Zayid ilə görüşəcək.

Qadınların yarışında da iki türkiyəli atlet finala vəsiqə qazanmağa çalışacaq. Ayla Aksu Oman atleti Fatma Al Nabhaniyə, Berfu Cengiz isə Özbəkistan təmsilçisi Sabina Şaripovaya rəqib olublar.

Həm kişilər, həm də qadınlar arasında cütlüklərin final görüşlərində Türkiyə və Özbəkistan tennisçiləri qızıl medal uğrunda qarşılaşacaqlar. Kişilərin yarışında Altuğ Çelikbilek-İlhan Sarp Ağabigün cütlüyü Amal Sultanbekov-Saidalo Saidkərimov, qadınların mübarizəsində isə Ayla Aksu-Berfu Cengiz cütlüyü Sabina Şaripovaya-Polina Merenkova dueti ilə görüşəcək.

Xəbər 805 dəfə oxundu.