“Bakı-2017”: Uşu yarışlarında idmançılarımızın dörddəbir və yarımfinaldakı rəqibləri müəyyənləşib
IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışlarında dörddəbir və yarımfinal mərhələsinə adlayan Azərbaycan idmançılarının bu mərhələdəki rəqibləri müəyyənləşib.

Yarışların axşam seansında III İslamiadanın bürünc mükafatçısı Elçin Eminov (56 kq) yarımfinala yüksəlmək uğrunda Avazbek Amanbekovlə (Qırğızıstan) mübarizə aparacaq.

Digər təmsilçimiz, Avropa çempionu Orxan Hətəmov (48 kq) da ikinci görüşündə qırğızıstanlı Turatbek Ulu Sulaymankul ilə finala vəsiqə uğrunda döyüşəcək.

Beynəlxalq turnirlərin qalibləri Vüqar Kərəmov (70 kq) dörddəbir finalda türkmənistanlı Salaheddin Bayramov, Pərviz Abdullayev (75 kq) isə türkiyəli İsmail Uzuner ilə görüşəcəklər.

Azərbaycan təmsilçilərinin yer almadığı kişilər arasında 52 kiloqram çəki dərəcəsində iranlı Moein Sirçi Hacızadə yarımfinalda qırğızıstanlı Argen Risbekov – yəmənli Ali Zaid Vazea cütünün qalibi ilə gücünü sınayacaq. Həmin çəki dərəcəsində digər yarımfinal görüşündə Sadik Pehlivan (Türkiyə) pakistanlı Zahor Ahmedlə növbəti mərhələyə vəsiqə qazanmaq üçün yarışacaq.

Xatırladaq ki, digər idmançılarımızdan dörddəbir finalda Ruslan Pirəliyev (60 kq) pakistanlı Abdullah Abdullahla, Bayram Şəmmədov (65 kq) iordaniyalı Yazeed Hasanain ilə qarşılaşacaq.

Xəbər 735 dəfə oxundu.