İslamiada çempionu Məhəmmədrəsul Məcidov: Mən bundan sonra da azarkeşlərimi sevindirəcəm
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu, Azərbaycanın superağır çəkili boksçusu Məhəmmədrəsul Məcidov müsahibəsində bildirib ki, İslam Həmrəyliyi Oyunlarının qızıl medalı onun üçün böyük əhəmiyyət kəsb edir.

O deyib: “Bu, mənim üçün çox prinsipial medaldır. Əvvələn, İslam Həmrəyliyi Oyunları bir müsəlman kimi mənim üçün əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan himni səslənəndə təsvirəgəlməz sevinc və qürur hissləri keçirdim. Qəlbim xoşbəxtliklə doludur. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”..

Turnirə hazırlıq prosesindən danışan idmançı deyib: “Çox gərgin rejimdə çalışmalı olurduq. Düzünə qalsa, kiçik zədələr almışdım. Buna görə də özümü yaxşı formada göstərə bilmədim. Lakin növbəti yarışlarda, məsələn, Avropa və dünya çempionatlarında mümkün qədər çıxış etməyə çalışacağam”.

Sağlamlığı imkan verdiyi qədər rinqə çıxacağını və öz azarkeşlərini sevindirəcəyini vurğulayan boksçu fikrini belə yekunlaşdırıb: “Mən bütün yarışlarda, o cümlədən Xarkovda keçiriləcək Avropa çempionatında iştirak edəcəm”.

AZƏRTAC

Xəbər 572 dəfə oxundu.