“Zəfər günləri”: Qalib idmançılara hədiyyələr verilib
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ötən gün keçirilən yarışların qalib və mükafatçıları olan idmançılarımızın şərəfinə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən təşkil olunan “Zəfər günləri” adlı xüsusi tədbir davam edir.

Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlara sevinən, qaliblərlə görüşmək istəyən və “Bakı-2017” kimi tarixi hadisənin şahidi olmağa can atan insanlar MOK-un inzibati binasına toplaşıblar.

Tədbirdə məlumat verilib ki, mayın 18-də idmançılarımız 9 qızıl, 4 gümüş, 4 bürünc medal qazanaraq ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazıblar. Bununla da İslamiadada Azərbaycan idmançılarının qazandıqları medalların ümumi sayı 116-ya çatıb. Bu, Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edən həqiqətdir.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, dünənki yarışlarda güləşçilərimiz və boksçularımız daha çox medal qazanıblar. “Xüsusilə Azərbaycanın qızlardan ibarət voleybol komandası möhtəşəm qələbəsi ilə xalqımızı sevindirdi. Biz bu qələbəni gözləyirdik”, - deyə MOK-un vitse-prezidenti bildirib. Oyunların başa çatmasına üç gün qaldığını və İslamiadanın sonuna doğru daha gərgin idman mübarizəsinin aparılacağını vurğulayan Ç.Hüseynzadə “Zəfər günləri”nin davamlı olacağına və azarkeşlərin hər gün MOK-da qələbə qazanan idmançılarımızı alqışlayacaqlarına inamını ifadə edib.

Sonra Azərbaycana qələbə sevinci yaşadan idmançılarımıza MOK-un xüsusi hədiyyələri təqdim olunub.

Medalçılar xüsusi quraşdırılmış stendə öz ürək sözlərini yazıblar.

MOK-un mayın 14-dən start verdiyi “Zəfər günləri” ayın 23-də başa çatacaq.

Xəbər 620 dəfə oxundu.