Azərbaycanın qadın voleybolçuları İslamiadanın çempionu olublar
IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında voleybol yarışı Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.

“Baku Crystal Hall”da keçirilən yarışların finalında Türkiyə millisinə 3:1 hesabı ilə qalib gələn Azərbaycan voleybolçuları İslamiadanın qızıl medallarını qazanıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın birinci seti voleybolçularımızın aşkar üstünlüyü ilə yekunlaşıb - 25:12. Lakin ikinci setdə daha inamlı oynayan türkiyəli voleybolçular 25:23 hesabı ilə qalib gəliblər. Üçüncü setdə təşəbbüsü ələ alan yığma komandamız seti öz xeyrinə başa vurub - 25:20. Voleybolçu qızlarımız dördüncü setdə də gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, Azərbaycanın qadın voleybolçuları İslamiadanın qızıl medallarına sahib olublar. Türkiyə millisi ikinci, Qırğızıstan yığması isə üçüncü yeri tutub.

Kişilər arasında voleybol yarışına isə mayın 21-də yekun vurulacaq.

Xəbər 542 dəfə oxundu.