Yunis Hüseynov köməkçilərini seçdi
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Yunis Hüseynovun köməkçilərinin adları məlum olub. İdman.com.az saytının məlumatına görə, bunlardan biri Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan “Karvan”ın baş məşqçisi Zakir Mahmudovdur.

Əvvəllər həm “Karvan”, həm də “Standard”da Hüseynovun köməkçisi olan mütəxəssis yenidən iddialı klubda çalışmaq üçün Yevlax təmsilçisindən istefa verməyə də razı olub.

Onunla yanaşı, “A” kateqoriyalı məşqçi Zamin Əsədullayev və hazırda “Xəzər Lənkəran”da seleksiyaçı məşqçi kimi çalışan Zaur Ramazanov baş məşqçisinin köməkçiləri olacaq. “Karvan”da Hüseynovun rəhbərliyi altında oynayıb Azərbaycan çempionatının ən yaxşı bombardiri olan Ramazanov eyni zamanda komandadan kənarda seleksiya işlərini də davam etdirəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” komandası yeni məşqçilərin rəhbərliyində bu gün saat 16:30-da “Fırtınalar meydanı”nın yardımçı meydançasında məşqə çıxacaq.

Xəbər 1691 dəfə oxundu.