Olimpiada dövründə Günəşdə qasırğa baş verə bilər
Boulder şəhərindəki (ABŞ-ın Kolorado ştatı) kosmik hava proqnozları mərkəzinin (NOAA) mütəxəssisləri 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına Günəşdə baş verən partlayışların mane ola biləcəyindən narahatdırlar.

Alimlərin təşvişə düşməsinə səbəb Amerikanın Advanced Composition Explorer (ACE) peykinin çox köhnəlməsidir. Yüksək enerjili hissəciklər axınının Yerə yaxınlaşması barədə qabaqcadan xəbərdarlıq edən ACE peyki Yer kürəsindən təqribən 1,6 milyon kilometr məsafədədir. O, Günəşdə növbəti partlayış təhlükəsini və partlayışın gücünü qiymətləndirə bilər. Bu, müvafiq tədbirlər görməyə, telekommunikasiya və naviqasiya peyklərini qorumağa imkan verir.

1997-ci ildə buraxılmış ACE peykinin əvəz edilməsinə azı iki il vaxt lazımdır, lakin bu müddətdə çox ciddi hadisələr baş verə bilər.

İngilis fiziki Alan Vudvardın fikrincə, Yay Olimpiya Oyunları dövründə (bu il iyulun 27-dən avqustun 12-dək) bəzən Black Swan (“qara qu quşu”) adlanan gözlənilməz fəlakətli hadisə baş verə bilər. Keçən ilin baharında Yaponiyada güclü sunamidən əvvəl buna oxşar bir hadisə olmuşdu. Həmin dövrdə təqribən 16 min nəfər həlak olmuş, atom stansiyasında qəza baş vermiş, ərazi genişmiqyaslı radioaktiv zəhərlənməyə məruz qalmışdı.

Beynəlxalq Olimpiya Komitəsi, London Olimpiadasının və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi Alan Vudvardın həyəcanlı proqnozunu hələlik heç cür şərh etməmiş və kompyuter sistemlərinin elektrik maneələrinin təsirindən qorumaq üçün əlavə tədbirlər barədə heç nə bildirməyiblər.

AzərTAc

Xəbər 2728 dəfə oxundu.