IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının yarımfinalçıları müəyyənləşib
Azərbaycanın yeddi boksçusu “Bakı-2017”nin yarımfinalına yüksəlib


Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında yarımfinalçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, boks yarışlarının beşinci günündə Azərbaycanın dörd idmançısı rinqə çıxıb.

Turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov dörddəbir finalda pakistanlı Əli Xanı sınağa çəkib. Görüş 5:0 hesabı ilə R.Rəhimovun xeyrinə başa çatıb. O, yarımfinal qarşılaşmasına mayın 17-də çıxacaq. R.Rəhimov Abdelrəhman Abdelqəvvədlə (Misir) gücünü sınayacaq.

Digər boksçumuz Kamran Şahsuvarlı (75 kq) da azarkeşlərə qələbə sevinci yaşadıb. Olimpiya mükafatçımız yarımfinala gedən yolda türkiyəli İhsan Ərdoğanla üz-üzə gəlib. K.Şahsuvarlı görüşdə çətinlik çəkmədən qalib gəlib - 5:0. Təmsilçimiz mayın 17-də yarımfinalda Yuness Qarrumi (Mərakeş) ilə döyüşəcək.

Bununla da yarımfinala vəsiqə qazanan Azərbaycan boksçularının sayı yeddiyə çatıb. Bundan əvvəl Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) dörddəbir final səddini uğurla keçiblər.

Azərbaycan millisinin digər üzvü Elvin İsayev mübarizəyə dörddəbir final mərhələsindən qoşulub. Oyunlarda 64 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan 25 yaşlı idmançımız ilk qarşılaşmada özbəkistanlı Aliyor Noraliyev ilə döyüşüb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Turnirdə 52 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan millisinin üzvü Məsud Yusifzadə dörddəbir final mərhələsində Abrorjon Kodırova məğlub olaraq Oyunlarda mübarizəni dayandırıb.

Xəbər 599 dəfə oxundu.