Azərbaycan millisi atıcılıq yarışlarının dördüncü günündə bir qızıl və bir bürünc medal qazanıb
Mayın 16-da Bakı Atıcılıq Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının dördüncü günü də Azərbaycan idmançıları üçün uğurlu olub.

Millimiz bir qızıl və bir bürünc medal qazanıb.

Yarışların dördüncü günündə kişilər arasında dairəvi stend üzrə yarışın finalı, 50 metrdən üç vəziyyətdə tüfənglə atəş açma, kişi və qadınlar arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışları keçirilib.

Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında qalib gələrək İslamiadada dördüncü qızıl medalını qazanıb. İdmançımız hamıdan çox - 240.7 xal toplayıb.

İkinci yerə türkiyəli Yusuf Dikec, üçüncü yerə isə pakistanlı Muhammad Şehzad Aktar çıxıb.

Digər idmançılarımız Rəsul Məmmədov və Tahir Ağazadə isə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Qadınlar arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında İran idmançısı Qolnouş Sebhatullah 239.3 xalla qalib gəlib. İkinci yerin sahibi misirli Afaf Elhodhod olub. Azərbaycan idmançısı Nigar Nəsirova 211.5 xalla bürünc medal qazanıb. Digər idmançımız Zərifə Qasımova isə 171 xalla yarışı beşinci pillədə başa vurub.

Kişilər arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə atəş açma yarışının da qalibi İran idmançısı olub. Pourya Norouziyan 454.6 xalla bütün rəqiblərini üstələyərək qızıl medalı təmin edib. İkinci yeri iranlı Xosseyin Bağeri, üçüncü yerə isə Oman idmançısı Həmid Səid Əlxətiri tutublar.

Kişilər arasında dairəvi stend üzrə yarışda qızıl medalı Səudiyyə Ərəbistanı idmançısı Said Al-Mutairi aktivinə yazdırıb. İkinci və üçüncü yerlərə Birləşmiş Ərəb Əmirliklərinin idmançıları Şeyx Səid Al-Maktum və Səif Bin Futais sahib olublar. Bu yarışda Azərbaycanı təmsil edən Fuad Qurbanov, Niyaz Ağazadə və Emin Cəfərov təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. İdmançılara medalları İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Məhəmməd Saleh Qazdar təqdim edib.

Xəbər 760 dəfə oxundu.