Elşən İsmayılov: Bu təşkilata üzv olmaq bizə çox vacibdir
Martın 15-də Beynəlxalq Dəmir Yolu İdman Təşkilatının prezidenti Oliviero Bruqiatinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakının “Lokomotiv” voleybol klubunun bazasında olub.
İdman.com.az saytının məlumatına görə, qonaqlar klubun məşq meydançasına baxıb, inftrastrukturla yaxından maraqlanıb və yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər. Sonra avropalılar “Lokomotiv” İdman Sağlamlıq Cəmiyyətinin direktoru Elşən İsmayılovla görüşüblər.

E.İsmayılov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar barədə məlumat verib. Deyib ki, Azərbaycan hazırda idman ölkəsinə çevrilib və cəmiyyət beynəlxalq təşkilata üzv olmaq arzusundadır. Buna görə, təşkilatın prezidentini ölkəyə dəvət ediblər. Dəmiryolçular arasında basketbol üzrə dünya çempionatının 1987-ci ildə Bakıda təşkil olunduğunu xatırladan E.İsmayılov, Azərbaycanın təşkilata üzv qəbul olunması məsələsinin cari ilin mayında Romada keçiriləcək Konqresdə müzakirə olunacağını vurğulayıb. O əlavə edib ki, təşkilata üzv olmaqla “Lokomotiv” əlavə yarışlarda iştirak etmək hüququ qazanacaq. Beləliklə, voleybolçularımız oyun təcrübəsini daha yaxşılaşdırmaq imkanı əldə edəcəklər.

Beynəlxalq qurumun baş katibi Martin Vesterbeek təşkilat haqda məlumat vermişdir. Bildirib ki, fəaliyyət göstərdiyi qurum 65 ildir fəaliyyət göstərir və tərkibində 25 ölkə var. Azərbaycanın bu təşkilata üzv olması şansını yüksək qiymətləndirən qonaq, hər il BDYTİ-nin təşkilatçılığı ilə müxtəlif ölkələrdə 5-6 yarışın keçirildiyini bildirib.

Qeyd edib ki, mayda keçiriləcək konqresdə Azərbaycan ilə yanaşı, İrlandiyanın da təşkilata üzvlüyü müzakirə olunacaqdır. İnanıram ki, hər iki ölkə təşkilata tamhüquqlu üzv kimi qəbul olunacaqdır. Çünki Azərbaycanda yaradılan şərait, idmana göstərilən diqqət buna imkan verir. Azərbaycanda idmanın bütün növləri, o cümlədən voleybol da inkişaf edir.

Xəbər 1156 dəfə oxundu.