“Bakı-2017” idman gimnastikası yarışında təsnifat mərhələsinin birinci gününə yekun vurulub
Mayın 13-də Milli Gimnastika Arenasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışının təsnifat mərhələsi keçirilib.

Təsnifat mərhələsi kişilər arasında sərbəst hərəkətləri, paralel qollar və halqalarla hərəkətləri, qadınlar arasında dayaqla tullanma, müxtəlif hündürlüklü qollarla hərəkətləri əhatə edib.

İdman gimnastikasında Azərbaycanı Yuliya İnşina, Yekaterina Tişkova, Marina Nekrasova, Murad Ağarzayev, Timur Bayramov, Talas Bence təmsil ediblər.

Yuliya İnşina, Yekaterina Tişkova müxtəlif hündürlüklü qollar, Marina Nekrasova və Yuliya İnşina isə dayaqla tullanmada finala çıxıblar. İdman gimnastikasının bu iki hərəkəti üzrə Azərbaycanın qadın gimnastları hamıdan irəlidədir.

Kişilər arasında sərbəst hərəkətlər üzrə Azərbaycan təmsilçilərindən Murad Ağarzayev, halqalarla hərəkətlər üzrə təmsilçilərimiz Talas Bence və Murad Ağarzayev, paralel qollar üzrə Timur Bayramov, Talas Bence və Murad Ağarzayev finala yüksəliblər. İdman gimnastikasının bu hərəkətləri üzrə Azərbaycan gimnastları ümumi sıralamada ikinci yerdədir.

Xəbər 582 dəfə oxundu.