“Bakı-2017”: Tennis yarışlarının birinci günü milli komandamız üçün uğursuz olub
Mayın 12-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışı başlayıb.

Bakı Tennis Akademiyasında keçirilən yarışda Azərbaycanın kişilərdən ibarət komandasının heyətində 6, qadınlardan ibarət kollektivdə isə 4 idmançı mübarizə aparır. Qaydalara əsasən, hər komandanın tərkibi 4 nəfərdən ibarətdir. Azərbaycan ev sahibi ölkə olduğundan kişilərdən ibarət komandamıza əlavə iki idmançının cəlb edilməsinə icazə verilib.

Yarışın ilk günündə kişi və qadın komandaları mübarizə aparıblar.

Qadınların yarışında Azərbaycan milli komandası Özbəkistan yığması ilə qarşılaşıb. Tennisçilərimiz ilk oyunda qalib gəlsələr də sonrakı iki görüşdə məğlub olublar - 1:2.

Digər oyunda Türkmənistanın qadın tennisçiləri pakistanlı rəqiblərinə qalib gəliblər – 3:0.

Azərbaycanın kişilərdən ibarət komandası da ilk görüşdə uğur qazana bilməyib. Tennisçilərimiz Pakistan yığması ilə görüşdə duruş gətirə bilməyiblər – 1:2.

Kişilərin yarışında İordaniya-Qətər, Türkmənistan-Özbəkistan qarşılaşmaları əlverişsiz hava şəraitinə görə tam başa çatdırılmayıb. Komandalar arasında baş tutan ilk iki oyunda İordaniya Qətərə qalib gəlib. Türkmənistan və Özbəkistan yığmaları isə hərəyə bir dəfə fərqləniblər – 1:1. Hər iki qarşılaşmada üçüncü oyun mayın 13-də keçiriləcək.

Xəbər 536 dəfə oxundu.