“Bakı-2017”: Azərbaycanın qadın həndbolçuları yarımfinala vəsiqə qazanıblar | |
Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarının qrup mərhələsinə yekun vurulub. Əvvəlcə kişilər arasında "B" qrupu çərçivəsində görüşlər keçirilib. Mərakeş yığması ilə qarşılaşan İraq millisi 25:22 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb. Qrupun digər oyununda isə İordaniya və Türkiyə yığmaları üz-üzə gəliblər. Matçın favoriti olan türkiyəli həndbolçular 26:21 hesabı ilə rəqiblərini məğlub edərək yarımfinala yüksəliblər. Kişilər arasında “A” qrupunun ilk oyununda Səudiyyə Ərəbistanı Pakistandan üstün olub - 35:26. Ardıcıl üç qələbə qazanan Səudiyyə Ərəbistanı qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Digər oyunda isə Azərbaycan millisini 35:22 hesabı ilə məğlub edən Əlcəzair komandası sonuncu yarımfinalçı olub. Qadınlar arasında günün ilk matçında Özbəkistan ilə qarşılaşan Kamerun kollektivi rəqibini böyük hesabla məğlub edib - 41:25. Qrup mərhələsinin mərkəzi oyunu Azərbaycan və Türkiyə milliləri arasında oynanılıb. Matç həndbolçularımızın 27:22 hesablı qələbəsi ilə yekunlaşıb. Mayın 12-də kişilər arasında təsəlliverici görüşlərdə Pakistan-İordaniya, Azərbaycan-Mərakeş matçları oynanılacaq. Yarımfinal qarşılaşmaları isə mayın 13-də keçiriləcək. |
|
Xəbər 566 dəfə oxundu. |
|
|