Jalə Piriyeva: Bədii gimnastikada İslam Həmrəyliyi Oyunlarının ilk qalibləri kimi tarixə düşmək istəyirik
Avropa çempionatının gümüş mükafatçısı Jalə Piriyeva hesab edir ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycan bədii gimnastlarının idmanın bu növündə birinci yerə çıxmaq üçün yaxşı şansları var.

Bu il ilk dəfə olaraq İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika yarışları keçiriləcək.

“Tarixə düşmək istəyirik. Həm komanda, həm də finalda ayrı-ayrı əşyalarla birinci yerə çıxmaq üçün yaxşı şanslarımız var”, - deyə Jalə Piriyeva bildirib.

O qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarında bu ilin aprelində Bakıda keçirilmiş Dünya Kuboku yarışındakı proqramı təqdim edəcək. Yarışlarda daha yaxşı çıxış edəcəyinə əmin olan J.Piriyevanın sözlərinə görə, hazırda Azərbaycan gimnastları var qüvvə ilə İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar və hər gün 8-9 saat məşq edirlər. O, həmçinin qeyd edib ki, bu yarışlarda Özbəkistan komandasını güclü rəqib hesab edir.

Açılış mərasimi mayın 12-də keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Bakıda mayın 22-dək davam edəcək. Bu müddətdə 16 idman obyektində idmanın 20, o cümlədən 17 olimpiya və 3 qeyri-olimpiya növü üzrə yarışlar keçiriləcək.

Xəbər 1119 dəfə oxundu.