“Bakı-2017”: Həndbolçularımız İslamiadaya qələbə ilə başlayıblar
Mayın 9-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində kişi və qadınlar arasında həndbol yarışlarının qrup mərhələsinə start verilib.

Kişilər arasında yarışda 8 komanda iki qrupda mübarizə aparır. Azərbaycan, Pakistan, Əlcəzair və Səudiyyə Ərəbistanı "A" qrupunda, Türkiyə, İraq, İordaniya və Mərakeş isə "B" qrupunda yarışır. Qadınlar arasında yarışda isə 4 komanda iştirak edir. Bunlar Azərbaycan, Türkiyə, Özbəkistan və Kamerun yığmalarıdır.

Meydana əvvəlcə "A" qrupunda yer alan Səudiyyə Ərəbistanının və Əlcəzairin kişi həndbolçuları çıxıblar. Qarşılaşma 26:13 hesabı ilə Səudiyyə Ərəbistanı yığmasının xeyrinə yekunlaşıb. Qrupun digər oyununda Pakistanla üz-üzə gələn Azərbaycan milli komandası 43:36 hesablı qələbə qazanıb. Komandamızın heyətində Maksim Butenko 11 dəfə rəqib qapısına yol tapıb.

"B" qrupunun ilk oyunu Türkiyə ilə Mərakeş kollektivləri arasında keçirilib. Türkiyəli həndbolçular rəqiblərini 27:24 hesabı ilə məğlub ediblər. İraq-İordaniya görüşü isə nominal meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 37:15.

Qadınlar arasında günün ilk matçı Türkiyə ilə Özbəkistan yığmaları arasında baş tutub. Türkiyə təmsilçiləri asan qələbəyə seviniblər - 37:21. Kamerun-Azərbaycan oyununda isə azarkeşlər maraqlı və gərgin idman mübarizəsinin şahidi olublar. Həndbolçularımız rəqiblərini 28:26 hesabı ilə çətinliklə məğlub ediblər. Komandamızın heyətində 10 dəfə rəqib qapıçını məyus edən Marina Tankaskaya qələbədə əsas pay sahibi olub.


Xəbər 633 dəfə oxundu.