Bu gün UEFA Çempionlar Liqasının ilk finalçısı məlum olacaq
Mayın 9-da keçiriləcək “Yuventus”-“Monako” oyunu ilə UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşəcək.

Yarımfinal mərhələsinin Turində keçiriləcək cavab qarşılaşmasında “Yuventus” səfərdə əldə etdiyi 2:0 hesablı üstünlüyü qorumağa çalışacaq.

Həm UEFA Çempionlar Liqasında, həm də İtaliya “A” seriyasında büdrəmədən irəliləyən Massimiliano Alleqrinin yetirmələri avrokuboklarda keçirdiyi 22 ev oyununda məğlub olmayıblar. İtaliya futbolunun canlı əfsanəsi, turinlilərin qolkiperi 39 yaşlı Canluici Buffon bu gün Avropanın klub turnirlərində 150-ci matçına çıxacaq.

Yarımfinala yüksəlmək şansları nə qədər çətin görünsə də “Monako” qələbə qazanmaq üçün bütün imkanlardan istifadə etməyə çalışacaqlar. “Monako” bu günədək üç avrokubok yarımfinalında iştirak edib. Komanda onların heç birində səfərdə qələbə qazana bilməyib.

“Yuventus”un baş məşqçisi mətbuat konfransında deyib: “Monako”nun itirəcək heç bir şeyi yoxdur. Buna görə də onlar sərbəst oynayacaqlar və heyətlərindəki istedadlı futbolçularla bizim üçün ciddi çətinliklər yaradacaq. Biz Monakodakından da yaxşı oyun göstərməliyik. Çünki ilk görüşdə bir neçə səhvə yol vermişdik. Hücum futbolu oynayaraq qələbə qazanmalıyıq”.

Komandalar indiyədək beş dəfə qarşılaşıblar. Bu görüşlərin üçündə turinlilər, birində isə “Monako” komandası üstün olub. Bir görüş isə heç-heçə başa çatıb.

“Yuventus”-“Monako” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Yarımfinal mərhələsinin digər matçı mayın 10-da Madridin “Atletiko” və “Real” komandaları arasında keçiriləcək. Bu komandalar arasında ilk görüşdə kral klubu 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 634 dəfə oxundu.